...

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 7 May 2020 13:13 (UTC +04:00)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Belarusdakı Səfirliyinin təşkilatçılığı, MDB İcraiyyə Komitəsinin və Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsinin dəstəyi ilə İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski, İcraiyyə Komitəsinin əməkdaşları, Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsinin sədri Tatyana Kolyadko, onun müavini Vitali Brel və diaspora nümayəndələri iştirak ediblər.

Əvvəlcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Lətif Qəndilov çıxışı edərək Belarusun alman faşistlərindən azad edilməsi uğrunda minlərlə azərbaycanlının həlak olduğunu bildirib. Bu döyüşlərdə iştirak etmiş və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 14 azərbaycanlıdan birinin də Nəcəfqulu Rəfiyev olduğunu söyləyib. O, N.Rəfiyevin Belarusun Babruysk, Baranoviç, Minsk şəhərlərinin, Mogilyov vilayətinin bir sıra yaşayış məntəqəsinin işğaldan azad olunmasında böyük şücaət göstərdiyini qeyd edib. Səfir qələbəyə Azərbaycan xalqının qiymətsiz və əvəzsiz töhfələr verdiyini bildirərək, müharibə zamanı 600 mindən çox azərbaycanlının cəbhəyə getdiyini, onlardan 300 mininin həlak olduğunu və itkin düşdüyünü qeyd edib.

Səfir Azərbaycan xalqının arxa cəbhədə də qəhrəmanlıq göstərərək, müharibə dövründə sovet hərbi texnikasının 90 faizini yanacaqla təmin etdiyini, çoxlu sayda silah sursat istehsal etdiyini, onlarla hərbi hospital açdığını, Moskva, Kiyev və digər ərazilərdən olan qaçqınları öz ailələrində yerləşdirdiklərini söyləyib. Səfir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün N.Rəfiyev kimi qəhrəmanların döyüş yolunun öyrənilməsinin və təbliğinin əhəmiyyətini vurğulayaraq, azərbaycanlı qəhrəmanların xatirəsinə göstərilən ehtirama görə Belarus xalqına minnətdarlığını bildirib.

Səfir təəssüflə qeyd edib ki, alman faşizmi üzərində qələbəyə bu qədər töhfə vermiş Azərbaycanın bu gün 20 faiz torpağı Ermənistanın işğalı altındadır. Qələbənin əldə olunmasında qəhrəmanlıq nümunələri göstərən Azərbaycan xalqı bu gün isə Ermənistan tərəfindən işğal olunan ərazilərinin azad olunması uğrunda mübarizə aparmaq məcburiyyətindədir.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski çıxışında Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Sovet İttifaqında yaşayan xalqların rolunu vurğulayaraq, Azərbaycan xalqının istər ön cəbhədə, istərsə də arxa cəbhədə fədakarlıqla mübarizə apardığını bildirib.

Minsk şəhər Moskva rayonunun İcraiyyə Komitəsinin sədri Tatyana Kolyadko Belarusun alman faşistlərindən azad olunması uğrunda Azərbaycan xalqının qəhrəman oğullarının göstərdikləri şücaətə görə minnətdarlığını bildirib və belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün çox önəmli olduğunu vurğulayıb.

Səfir sonda Azərbaycan xalqının böyük qələbənin əldə olunmasında göstərdiyi qəhrəmanlıqlarla əlaqədar bir faktı açıqlayıb. 21 aprel 1945-ci il tarixində 93 faizi azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyası Berlinə ilk daxil olan diviziyalardan biri olub və bu diviziya SSRİ-nin Berlindəki Səfirliyi, Reyxsbank, Berlin Universiteti və Daxili İşlər Nazirliyini azad edib. 1945-ci il mayın 2-də leytenant Rəşid Məcidovun rəhbərliyi ilə 3 döyüşçü Məmmədov, Əhmədzadə və Andreyev Berlinin Brandenburq qapısı üzərində qələbə bayrağını ucaldıblar.

Brandenburq qapısı önündə mitinqdə çıxış edən əslən Azərbaycandan olan general-mayor Vladimir Zyuvanov bildirib ki, Berlin uğrunda gedən tarixi döyüşlərdə sonuncu silah səsi burada eşidilib. Biz bunun tarixi şahidləriyik. Səfir öz çıxışında Belarusun Alman faşistlərindən azad edilməsində böyük xidmətləri olmuş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlıqlarını xatırlayıb. Səfir Böyük Vətən müharibəsindən sonra Azərbaycan xalqının Belarus, Rusiya və Ukraynanın şəhərlərinin bərpası üçün şücaətlər və qəhrəmanlıqlar göstərdiyini söyləyib. Azərbaycan xalqının Sovet İttifaqı ölkələri ilə həmişə dost və qardaş münasibətdə olduğunu və heç nəyini əsirgəmədiyini bildirib. Xalqlarımızın İkinci Dünya müharibəsində rolu və yeri barədə məlumatların gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Səfir həmçinin qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə Böyük Vətən müharibəsi döyüşənlərinin xatirəsi həmişə əziz tutulub və hazırda Prezident İlham Əliyev tərəfindən də bu ənənə davam etdirilməkdədir. Müharibə iştirakçılarına, onların ailə üzvlərinə mənzillər verilir və böyük miqdarda maliyyə yardımı göstərilir.

L.Qəndilov çıxışının sonunda N.Rəfiyevin büstünün ucaldılması üçün Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsinin sədri Tatyana Kolyadkoya müraciət edərək müvafiq icazə qərarının verilməsini xahiş edib.

T.Kolyadka qısa zaman ərzində N.Rəfiyevin büstünün ucaldılması üçün qərarın veriləcəyinə söz verib.

Tədbir “MİR” telekanalında, MDB İcraiyyə Komitəsinin və “Belta” informasiya agentliyinin internet səhifələrində işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti