...

Bədən hərarəti 37,5 dərəcədən yuxarı olan sərnişinlər təyyarəyə buraxılmayacaq - RƏSMİ

Cəmiyyət Materials 11 İyun 2020 17:36 (UTC +04:00)
Bədən hərarəti  37,5 dərəcədən yuxarı olan sərnişinlər təyyarəyə buraxılmayacaq - RƏSMİ

Bakı. Trend:

Azərbaycanda koronavirus infeksiyası COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu qaydalara əsasən, bədən hərarəti 37,50 C-dən yuxarı olan sərnişinlər reysə buraxılmayacaq:

- yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;

- terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq - dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;

- aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;

- aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;

- qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;

- uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;

- sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti