...

"Yüksəliş" finala keçə bilməyənlərə hansı şansı verəcək?

Cəmiyyət Materials 25 İyun 2020 12:39 (UTC +04:00)
Ötən ilin dekabr ayında 11760 nəfərin qeydiyyatı ilə başlayan “Yüksəliş” müsabiqəsinin iştirakçılarının sayı mərhələlərlə azalır.
"Yüksəliş" finala keçə bilməyənlərə hansı şansı verəcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən ilin dekabr ayında 11760 nəfərin qeydiyyatı ilə başlayan “Yüksəliş” müsabiqəsinin iştirakçılarının sayı mərhələlərlə azalır.

Qeydiyyatdan sonra 9775 nəfərin imtahana buraxıldığı müsabiqənin ümumi biliklər üzrə imtahan mərhələsində iştirakçıların sayı 7702 nəfərə, qabiliyyət imtahanında 7059 nəfərə endi. Müsabiqənin onlayn mərhələsindən keçən 976 nəfərin sayı əyani mərhələnin videomüsahibə turundan sonra daha da azalaraq 940 nəfərə çatıb.

Hazırda davam edən bu müsabiqə iştirakçılarının sayı bundan sonra da mərhələlər üzrə tədricən azalacaq və ən sonda 20 nəfər müsabiqənin qalibi adını qazanacaq.

20 nəfərin qalib olması üçün keçdiyi yol olduqca şəffaf hesab edilə bilər. Çünki müsabiqədə iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəs müsabiqənin hansı proseslərdən keçdiyini çox aydın şəkildə görə bilir. Müsabiqənin başlanıldığı ilk gündən onun gedişatı ilə bağlı bütün məlumatlar ictimaiyyətə geniş şəkildə ötürülür. Təşkilatçılar müsabiqənin elə ilk mərhələsi olan qeydiyyat proseduru ilə bağlı yalnız rəsmi şəkildə elanların verilməsi ilə kifayətlənmədilər. Bununla bağlı təbliğat işləri sosial şəkələrdə də aparıldı, şəhərin mərkəzi küçələrində 17 monitorda reklam yerləşdirildi. Səyyar qeydiyyat xidməti vasitəsilə isə 34 rayon və şəhərdə 788 nəfər qeydiyyatdan keçdi.

Obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqların toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilən müsabiqə barədə iştirakçılar da müsbət fikirdədirlər.

“Yüksəliş” müsabiqəsinin iştirakçılarından olan Ramiz Mikayıloğlu ikinci mərhələni aşa bilməyib. Lakin buna baxmayaraq, o, müsabiqənin gedişatından narazı qalmayıb.

Müsabiqənin onun qatıla bilmədiyi sonrakı mərhələlərini də maraqla izlədiyini deyən R.Mikayıloğlu bildirib ki, vaxt məhduiyyəti və texniki səbəblər ona müsabiqəni davam etdirməyə imkan verməyib. Bütün bunlara baxmayaraq, müsabiqənin sonrakı mərhələləri üzrə prosesləri maraqla izləyib və orada iştirakçıları narazı sala biləcək bir məqam görməyib. Bu müsabiqənin əslində iştirakçılar üçün geniş imkanlar yaratdığını deyən müsahibimiz hər kəsi bu müsabiqədə fəal olmağa çağırıb.

O, özü bu dəfəki “Yüksəliş”də sonadək iştirak edə bilməsə də, növbəti “Yüksəliş”də iştirak etməyi qarşısına məqsəd qoyub. R.Mikayıloğlu “Yüksəliş”in keçirilmə prinsiplərinin şəffaf olmasına əsaslanaraq, hətta növbəti müsabiqənin qalibi olacağına da ümid etdiyini deyir. Onda belə bir əminliyin yaranmasına səbəb isə müsabiqənin şəffaf keçirilməsinə olan inamdır.

Sözsüz ki, iştirakçılarda belə bir inamın güclənməsinə “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələlərində çoxtərkibli ekspertlərin (ekspertlər “Yüksəliş” İctimai Birliyi tərəfindən müstəqil olaraq seçilir, onlar müsabiqə çərçivəsində iştirakçıların qiymətləndirilməsini həyata keçirən elm və ya biznes nümayəndəsi, yaxud da personalın qiymətləndirilməsi üzrə mütəxəssislər olurlar) iştirakı da mühüm rol oynayacaq. Artıq yarımfinal və final mərhələləri üçün 100 nəfərdən ibarət qiymətləndirməni həyata keçirəcək ekspertlər bazası hazırlanıb. Ekspertlərlə Skype vasitəsilə müsahibələr keçirilib.
İstər iştirakçılar, istərsə ekspertlər tərəfindən yüksək qiymətləndirilən digər məqam müsabiqədə iştirak etmək istəyənlər üçün yaş məhdudiyyətinin yüksək qoyulması ilə bağlıdır. Müsabiqədə 51 yaşadək olan şəxslərin iştirak etməsi üçün yaradılan imkan nəticəsində iştirakçıların 13,05 faizi, başqa sözlə 1276 nəfəri 41-51 yaşlı şəxslər olub. Qeyd edək ki, müsahibimiz R.Mikayıloğlunun da 42 yaşı var.

Ekspertlərin yüksək qiymətləndirdiyi digər bir neçə məqama gəldikdə, müsabiqədə iştirak etmək istəyənlərə imtahana hazırlaşmaq üçün yardımın göstərilməsi, onlara özlərini sınamağa imkanın yaradılmasıdır. Təşkilat Komitəsi tərəfindən ümumi biliklər üzrə əsas imtahandan əvvəl, fevralın 8-də ümumi biliklər üzrə sınaq imtahanının keçirilməsi nəticəsində namizədlər öz bilik və bacarlıqlarını yoxlaya biliblər. Sınaq imtahanının nəticələri növbəti mərhələlərdə iştirakçıların nəticələrinə təsir etməyib. Bunlardan əlavə, iştirakçılara onlayn mərhələnin ikinci hissəsi olan qabiliyyət imtahanının testlərinin demo variantı da təqdim edilib. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından namizədlərdən onların cavablandırılması tələb olunmayıb.

Ekspertlər yuxarıda sadalananlarla yanaşı, finala keçə bilməyən iştirakçıların gözləmə siyahısına daxil edilməsini də obyektiv, ədalətli hal hesab edirlər.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində ən yüksək fərdi reytinq balı toplamış 100 nəfərə qədər iştirakçı müsabiqənin Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ əldə edir.

Yarımfinalların nəticələrinə əsasən yüksək reytinq balı toplamış, lakin iştirakçıların say məhdudiyyətinə görə finala keçə bilməyən iştirakçılar gözləmə siyahısına daxil edilirlər. Əgər hər hansı iştirakçı finalda iştirakdan imtina edərsə, o, gözləmə siyahısında olan ən yüksək reytinq balına malik iştirakçı ilə əvəz edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti