...

Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyul 2020 10:46 (UTC +04:00)
Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri Fuad Muradovun və Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib.

Tədbir dünyada yaşayan azərbaycanlılara həsr olunmuş musiqinin (sözləri Rafael Hüseynovun, müsiqisi Faiq Sücəddinovundur) - Diaspor himninin səsləndirilməsilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Rafael Hüseynov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması ölkənin ictimai-siyasi həyatına əlamətdar hadisə kimi daxil olub. Çünki Azərbaycan diasporunun birliyi və mütəşəkkilliyi çox vacib və zəruri amildir.
Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını və diaspor hərəkatına töhfə verən hər bir soydaşımızı təbrik edib. Bu qurumun görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan natiq bildirib ki, məhz böyük öndərin dünya azərbaycanlılarının eyni amal və məqsəd ətrafında birləşdirilməsi naminə əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, qeyd edib ki, yarandığı gündən Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edib, diasporun birləşməsi və təşkilatlanması istiqamətində mühüm işlər və müxtəlif layihələr həyata keçirilib. Diaspor üzvlərini “xaricdəki güclü potensialımız” adlandıran komitə sədri hədəflərə çatmaq üçün bu potensialdan doğru istifadə olunmasının önəmini vurğulayıb. O, diqqətə çatdırıb ki, ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün Koordinasiya Şuraları yaradılıb, Azərbaycan evləri istifadəyə verilib.
Diaspor təşkilatlarının və nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin əhəmiyyəti, vətənimizin nüfuzuna xələl gətirməyə cəhd edən anti-Azərbaycan qüvvələrinə qarşı mütəşəkkil şəkildə mübarizə aparması, koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud şəraitdə nümayiş etdirilən fəallıq yüksək qiymətləndirilib, xaricdə müvəqqəti çətinliklə üzləşmiş soydaşlarımıza maddi və mənəvi dəstək olmaq üçün Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Azərbaycan məktəblərinin keçirdikləri xeyriyyə aksiyalarına, Azərbaycan evlərinin həmvətənlərimiz üçün sığınacağa çevrilməsinə diqqət cəlb edilib. Bu mərhələdə Dövlət Komitəsinə edilən müraciətlər barədə ətraflı məlumat da təqdim edilib.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarxının nümayiş etdirilməsi və COVID-19 koronavirus pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumatın verilməsilə davam edib.
Azərbaycan diasporu ilə bağlı ciddi və dərin araşdırmaların müəllifi Rafael Hüseynov diasporun tanınmış üzvlərini “Azərbaycanla xarici ölkələr arasında körpü” və “təmasların yaranmasında xüsusi rolu olan şəxslər” adlandıraraq, ölkəmizdə onların fəaliyyətinə yüksək qiymət verildiyini nəzərə çatdırıb. “Bu gün sizin gördüyünüz işlər göz qabağındadır, amma bu fəaliyyət gələcəyin yüksəkliyindən daha aydın görünəcək”, - deyə moderator vurğulayıb.
ABŞ, Niderland Krallığı, Türkiyə, Ukrayna, Rusiya, Kanada, Avstriya, Çili, Dubay, Polşa, Estoniya, Fransa, İtaliya, Tailand, Gürcüstan, İspaniya və bir sıra başqa ölkələrdən videokonfransa qatılan azərbaycanlıların demək olar ki, hər birinə ürək sözlərini demək fürsəti verilib. Tədbirdə çıxış edən soydaşlarımız mühacirət tarixindən danışaraq, müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətini dəstəklədiklərindən, yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin həmvətənlərimizə həssas münasibət, diqqət, qayğı, mənəvi və maddi dəstək nümayiş etdirməsinə görə qururlandıqlarından, ölkəmizin azərbaycanlılara sahib çıxmasından, Dövlət Komitəsini doğma ocaq kimi qəbul etdiklərindən və bir sıra başqa mətləblərdən söz açıblar.

Müzakirələr zamanı soydaşlarımız bir sıra maraqlı rəy və təkliflərlə çıxış ediblər. ABŞ-da yaşayan Əhməd Obalı təsisçisi olduğu GünAZ TV-də diaspor himninin səsləndirilməsi üçün müəlliflərdən dəstək istəyib.

Beynəlxalq videokonfrans bədii hissə ilə yekunlaşıb.Tədbirin bədii hissəsində Türkiyədə yaşayan dirijor, bəstəkar, pianoçu, Əməkdar artist Turan Manafzadə çıxış edib. Tanınmış ifaçı Dövlət Komitəsinin fəaliyyətinə, dünya azərbaycanlılarına və ürəyində Azərbaycan sevdası olan hər bir şəxsə həsr etdiyi musiqi parçasını da təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti