...

Bakı Slavyan Universitetində Gənclər Günü münasibətilə onlayn tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2021 14:21 (UTC +04:00)
Bakı Slavyan Universitetində Gənclər Günü münasibətilə onlayn tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 2-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gəncləri Günü münasibətilə onlayn formada tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə BSU-nun rəhbərliyi, fakültə dekanları,dekan müavinləri, kafedra müdirləri və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva tələbələri 2Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib,onlara həyatda möhkəm cansağlığı,uzun ömür, səadət, xoşbəxtlik, təhsildə və sosial fəaliyyətlərində böyük nailiyyətlər arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün böyük inam hissi ilə deyə bilərik ki, respublikamızda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Son illər gənclərin dövlət idarəçiliyində irəli çəkilmələri, onların ictimai-siyasi fəallıqlarının artırılması üçün mühüm tədbirlər, çoxsaylı layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva gənclərin mənəvi və fiziki inkişafına,elmi-intellektual potensialının artırılmasına, onların əsl vətəndaş kimi formalaşmalarına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan gəncliyi hər zaman dövlətin diqqət mərkəzindədir.

Rektor Nurlana Əliyeva çıxışında qeyd edib ki, gənclik yenilikdir,müasirlikdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsi,fəal qüvvəsidir. Böyük məmnunluq hissi ilə deyə bilərik ki, Azərbaycanın tanınmış və nüfuzlu ali təhsil müəssisələrindən biri olan BSU-nun tələbələri vətənpərvər və müasir düşüncəli gənclərdir. BSU-nun tələbələri həmişə öndə gedirlər. Bunu ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət qurumlarının nümayəndələri də təsdiq edirlər. Universitetin 1000-dən çox tələbə-könüllüsü müxtəlif layihələrin uğurla icra olunmasında yaxından iştirak edib. Onlar bu fəaliyyətlərinə görə müvafiq dövlət təşkilatları tərəfindən müxtəlif təltiflərə layiq görülüblər. Biz Koronavirus pandemiyası və Vətən müharibəsi ilə əlaqədar olaraq bütün tələbələrimizə,o cümlədən tələbə-könüllülərimizə imtahan sessiyasında yüksək səviyyədə güzəştlər etmişik. Eyni zamanda dövlət rəhbərliyi tərəfindən sosial baxımdan əhalinin həssas təbəqəsinə aid edilən tələbələrə xüsusi diqqət və qayğı göstəririk.

Rektor Nurlana Əliyeva çıxışında vurğulayıb ki, BSU-nun milli ruhda,dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunan məzunları Vətən müharibəsi dövründə həm ön cəbhədə,həm də arxa cəbhədə öz qəhrəmanlıqları ilə seçildilər. Onlar Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsinin yazılmasında fəal iştirak etdilər.

Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova tələbələri bu gözəl və əlamətdar gün münasibətilə təbrik edib, onlara ən xoş, ən gözəl arzu və diləklərini çatdırıb. Prorektor Xanım Sultanova BSU tələbələrinin fəal iştirakı ilə həm bu ali təhsil müəssisəsində,həm də respublika miqyasında keçirilən tədbirlər barədə də geniş məlumat verib.

BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilov, Tərcümə fakültəsinin III tədris ili tələbəsi, “ASAN Xidmət” in və “Regional İnkişaf” İctimai Birliyinin könüllüsü Sultan İbrahimli gənclərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin universitet rəhbərliyinə təşəkkür edərək göstərilən etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Tədbirdə BSU-nun həm universitetin,həm də respublikamızın ictimai-mədəni həyatında fəal iştirak edən 20nəfər tələbəsinə onlayn formada təşəkkürnamə təqdim edilib.

Tədbirin sonunda Tələbə Gənclər Təşkilatının 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə hazırladığı videoçarx təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti