...

Gömrük Akademiyası ÜGT-nin Qırğızıstandakı Regional Təlim Mərkəzi ilə əlaqələrini genişləndirir (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2021 14:07 (UTC +04:00)
Gömrük Akademiyası ÜGT-nin Qırğızıstandakı Regional Təlim Mərkəzi ilə əlaqələrini genişləndirir (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Qırğızıstan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin və ATƏT-in Bişkekdəki Proqram Ofisinin nümayəndələri arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasından Trend-ə verilən məlumata görə, Akademiyada baş tutan görüşdə Akademiyanın rəhbər heyəti və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Qırğızıstan Respublikasında Regional Təlim Mərkəzinin Departament rəhbəri Narıngül Taqaynazar qızı, Gömrük Əməkdaşlıq İdarəsinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin baş inspektoru Erlan Cumalıyev, ATƏT-in Bişkekdəki Proqram Ofisinin rəhbərinin müavini Rəsmiyyə Kazımova və ATƏT-in Bişkekdəki Proqram Ofisinin Gömrük Layihəsinin rəhbəri Fikrət Əliyev iştirak ediblər.

Görüş çərçivəsində əlaqələrin genişləndirilməsi, əməkdaşların peşə biliyinin artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin bir sıra qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Akademiyanın rəis müavini Araz Aslanlı qonaqları salamlayaraq Akademiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığı və əlavə təhsil proqramları haqqında qonaqlara geniş məlumat verib, beynəlxalq əlaqələrinin genişləndirilməsinin Akademiya üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün göstərdikləri təşəbbüsə görə ÜGT-nin Qırğızıstan Respublikasında Regional Təlim Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

ÜGT-nin Qırğızıstan Respublikasında Regional Təlim Mərkəzinin Departament rəhbəri Narıngül Taqaynazar qızı Akademiyaya daha öncəki səfərindən razı qaldığını, səmimi qarşılanmaya görə Akademiyanın rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib, təmsil etdiyi qurum haqqında geniş məlumat verərək, Akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Akademiyanın maddi-texniki bazasını və təhsil infrastrukturunu yüksək qiymətləndirərək mütəxəssis hazırlığı, bakalavriat, magistratura səviyyələrində, eləcə də Qırğızıstan gömrük işçiləri üçün ixtisasartırma kurslarının təşkilinə əsasən hazırlanan təkliflərin gerçəkləşdirilməsi niyyətində olduqlarını diqqətə çatdırıb.

Daha sonra hər iki təhsil müəssisəsinin əməkdaşları tərəfindən təqdimatlar nümayiş olunub.

Akademiyanın rəis müavini Araz Aslanlı və nümayəndəliyin rəhbəri xanım Narıngül Taqaynazar qızı gömrük xidməti sahəsində çalışan əməkdaşların mobilliyinin təmin olunması, tədrisin və təlim prosesinin keyfiyyətli təşkili, müasir tələbləri ödəyən elmi tədqiqatların aparılması və digər istiqamətlərdə qarşılıqlı təcrübənin öyrənilməsinin, bu istiqamət üzrə beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıblar.

Nümayəndə heyətinin iki gün ərzində davam edən səfəri çərçivəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Respublikasının Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında imzalanmış 14 iyun 2017-ci il tarixli “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokolun reallaşdırılması üzrə 2022-2023-ci illər üçün nəzərdə tutulan fəaliyyət planı müzakirə edilərək, iki qurumdan olan məsul şəxslərin əməkdaşlıq sahələri üzrə birgə fəaliyyətinin təşkil edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti