...

Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub

Cəmiyyət Materials 29 Noyabr 2021 11:14 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub

Bakı. Trend:

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyidir. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın tərkibində Dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb.

Bakı Ali Neft Məktəbi Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyacını ödəmək məqsədilə təsis edilib. 2012-ci il aprel ayının 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin ilk rektoru vəzifəsinə təyin edilib.

Bakı Ali Neft Məktəbi Azərbaycanın tam ingilisdilli yeganə texniki Ali Məktəbidir. Ali Məktəb ilk illərdən Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığa başlayıb. Bu universitetlə birgə mütəxəssis hazırlığı, universitetin ingilis dili üzrə hazırlıq proqramının BANM-də tətbiqi, iki ixtisas üzrə ikili diplom layihəsi çərçivəsində mütəxəssis hazırlığı üçün əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Bakı Ali Neft Məktəbinin kampusu Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik ən böyük kampuslarından biridir. Kampusda müasir standartlara cavab verən laboratoriyalar, tələbə şəhərciyi, yeməkxana kompleksi, iki idman zalı və hovuz fəaliyyət göstərir. Kampusun açılışı 2017-ci il may ayının 1-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib.

BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb. Hazırda BANM-də Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi və Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistr pilləsi üzrə qəbul həyata keçirilir. Ali Məktəbdə doktorantura pilləsi üzrə tədris də aparılır. 2020/2021-ci tədris ilindən həmçinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil almaq istəyənlər üçün qiyabi şöbəyə qəbul həyata keçirilir.

Bakı Ali Neft Məktəbinə ortalama qəbul balı 650 və ondan yuxarı təşkil edir ki, bu da Azərbaycanda ən yüksək göstəricidir. 2021/2022-ci tədris ili üzrə Ali Məktəb ilk dəfə II ixtisas qrupu üzrə də tələbə qəbulu keçirib və bu ixtisas üzrə qəbul olunanların 11 nəfəri Prezident təqaüdünə layiq görülüb. 2021/2022-ci tədris ilində ölkə üzrə 102 Prezident təqaüdçüsündən 33-ü BANM-in tələbəsidir. Bu, Azərbaycanın təhsil tarixində rekord göstəricidir. Bu il də qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplamış tələbə BANM-i seçib. İlk dəfə qəbul aparılan II ixtisas qrupu üzrə ən yüksək bal toplamış abituriyentin seçimi də Bakı Ali Neft Məktəbi olub. Hazırda Ali Məktəbin Prezident təqaüdçülərinin sayı 205 nəfərə çatıb. Ali Məktəbdə tədris proqramlarının, nəzəri predmetlərin daha dərindən mənimsənilməsi məqsədilə tələbələr SOCAR-ın müvafiq profilli istehsalat müəssisələrində, eləcə də bp, Equinor, Total, Schlumberger, ABB, Halliburton, Atenau Ltd, Schneider Electric, Microsoft, Baker Hughes, Emerson Process Management, Avandsis Group, Maire Tecnimont, Nəzarət və ölçmə cihazları MMC, SOCAR-ın Tükiyədəki Petkim neft-kimya kompleksi və STAR Neft Emalı Zavodu kimi qurumlarda yay və istehsalat təcrübəsi keçir.

Bakı Ali Neft Məktəbi Azərbaycan Prezidentinin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinə uyğun olaraq, tələbələrinə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir. Bu gün Ali Məktəbin məzunları SOCAR və onun “Azneft” İB, “Azərikimya” İB, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ), “SOCAR Ümid” və “SOCAR Polymer” şirkətləri, eləcə də “SOCAR Türkiyə”nin “Petkim Petrokimya Holding” və STAR Neft Emalı Zavodunda çalışırlar. BANM məzunları təkcə SOCAR-da deyil, BP, “Schlumberger”, “Halliburton”, “Maire Tecnimont” və s. kimi iri transmilli şirkətlərdə də işə cəlb olunublar.

Bakı Ali Neft Məktəbi ilk vaxtlardan beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verib. Birləşmiş Krallıq, Bolqarıstan, İsveçrə, Türkiyə, Estoniya, Polşa, Koreya, ABŞ, Norveç, Slovakiya, Fransa, Rusiya, Yunanıstan, İtaliya, Almaniya və bir çox başqa ölkələrin 50-dən artıq universitetləri ilə mütəxəssis hazırlığında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. BANM Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN), Avrasiya Universitetləri Birliyi (EURAS) və Dünya Neft Universitetləri Şəbəkəsinin (WEUN) üzvüdür.

2016-cı ildə BANM, bp və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Exercution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən, ABŞ-ın Corc Vaşinqton Magistr sertifikatı ilə təmin edən təlim proqramı – Layihələrin İdarəedilməsi Məktəbi BANM və STRATEX şirkətinin birgə əməkdaşlığı ilə uğurla davam edir. 2021-ci ildə BANM, Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti və Dyuk Universiteti ilə birgə Layihələrin İdarəedilməsi Məktəbinin yeni mərhələsinə başlanılıb.

Bir sözlə, 10 il ərzində BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib və Azərbaycanda peşəkar mühəndis kadrlarının hazırlanmasında liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti