Bakı. Trend:
Dekabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi universitetin 100 illik yubileyi ilə bağlı təntənəli mərasim öncəsi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib. Pedaqoji Universitetin kollektivi adından məzarı üzərində əklil qoyulub.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, məşhur dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Qeyd edək ki, ADPU-nun inkişafının bütöv bir mərhələsi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Universitetin 100 illik tarixinin son 50 ilində əldə olunan nailiyyətlər bilavasitə Ulu Öndərin və onun siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı və zəngin dövlətçilik fəaliyyəti ilə üzvi surətdə bağlıdır.