...

Böyük alimin işığında: Kürdəmirdə akademik Ağamusa Axundova həsr olunan tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2022 19:55 (UTC +04:00)
Böyük alimin işığında: Kürdəmirdə akademik Ağamusa Axundova  həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 25-də Kürdəmir Heydər Əliyev Mərkəzində Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri, Kürdəmir şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Xatirə tədbiri çərçivəsində akademik Ağamusa Axundovun həyat və fəaliyyətinə həsr olunan sərgi açılıb.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialının müdiri Yaqut Bahadırqızı Ağamusa Axundovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib, görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafındakı böyük xidmətlərindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik Ağamusa Axundov haqqında xatirələrini bölüşüb, onu şəxsiyyət və alim kimi yüksək dəyərləndirib: “Ağamusa müəllim haqqında düşünəndə insanın ürəyinə işıq, ən gözəl hisslər, ən gözəl xatirələr gəlir. Mənsub olduğumuz 60-cılar nəsli ədəbiyyata gələndə bizi ilk müdafiə edənlərdən biri Ağamusa müəllim idi. Bunu heç vaxt unutmayacağam. Daha sonralar Ağamusa Axundovun ədəbiyyatımız, dilçiliyimiz, müasir şeirimiz və nəsrimiz haqqında dəyərli kitabları çap olundu və o, özünü Azərbaycanın ən görkəmli alimlərindən biri kimi təsdiq elədi. Ağamusa müəllimin haqqında düşünəndə ağlıma gələn ilk söz arxayınçılıq sözü olur. O, ailəsindən, sənətindən, ədəbiyyat və elmdəki yerindən, ədəbiyyatımızın gələcəyindən arxayın idi. Ağamusa Axundov arxayın idi ki, bütün keçəri şeylər sovuşub gedəcək, əbədi dəyərlər qalacaq. O, həyatını bu əbədi dəyərlərin təsdiqinə həsr etmişdi. Ağamusa müəllimin xatirəsi mənim üçün çox əzizdir. Allah ona qəni-qəni rəhmət eləsin”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ağamusa Axundovun 90 illik yubileyinin onun anadan olduğu Kürdəmir şəhərində keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, onu böyük alim və elm təşkilatçısı kimi qiymətləndirib. İsa Həbibbəyli qeyd edib ki, akademik Ağamusa Axundov 32 yaşında dilçilik üzrə elmlər doktorluğu müdafiə edərək rekord göstəriciyə nail olub: “Təkcə bu fakt Ağamusa Axundovun böyük istedadından xəbər verir. Ağamusa müəllim Azərbaycan dilinin fonemlər sistemini yaradıb. Azərbaycan dilçiliyinin inkişafında fonetika sistemini, fonetika istiqamətini yaradan məhz akademik Ağamusa Axundovdur. Bu, dünyada fonemlər sisteminin öyrənilməsi üçün mənbə kitablardan biri hesab olunur. Ağamusa müəllimin “Azərbaycan dilinin fonemlər sistemi” adlı kitabı Azərbaycan fonetikasının abidəsidir. O, dilin estetikasından yazan ilk dilçi alimlərdən biridir”.

İsa Həbibbəyli əlavə edib ki, Ağamusa Axundov hələ 80-ci illərdə riyazi dilçilik anlayışını linqvistik tədqiqatlar sferasına gətirib. Bundan başqa görkəmli alimin ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatları dilçilik istiqamətindəki tədqiqatlarından geridə qalmır: “Ağamusa müəllim dilçilik istiqamətində göstərdiyi professionallığı ədəbiyyatşünaslıq sahəsində də peşəkar səviyyədəki əsərləri ilə isbat edib. Onun Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələrinə aid yazdığı sanballı elmi əsərlər dilçiliklə ədəbiyyatşünaslığın qovşağında olub, həm diliçiliyi, həm də ədəbiyyatşünaslığı zənginləşdirən əsərlərdir”.

Daha sonra söz akademik Nizami Cəfərova verilib. O, Ağamusa Axundovun şəxsiyyəti, tədqiqatları haqqında danışıb, onun barəsində xatirələrini bölüşüb. Nizami Cəfərov qeyd edib ki, Ağamusa Axundov Azərbaycan dilçiliyi tarixində o şəxsiyyətdir ki, onun zəngin yaradıcılıq təcrübəsi meyar hesab olunur: “Yəni düşünmək olar ki, Azərbaycan dilçiliyi Ağamusa Axundova qədər və ondan sonra. Ağamusa müəllim dilçilikdə Səməd Vurğuna bənzəyir. Yəni çox ilhamlı, parlaq, dəqiq, improvizasiya qabiliyyəti yüksək olan alim idi. Deyirdi ki, mən “Ümumi dilçilik” kitabını bir aylıq məzuniyyətdə yazdım. Bir aya yazılan bir əsəri Azərbaycan dilçiləri 60 ildir oxuyub bitirə bilmirlər. Yəni bu kitab o qədər mükəmməl və zəngindir. Anar müəllimin dediyi kimi Ağamusa müəllimin təbiətində qəribə bir rahatlıq, arxayınlıq var idi. Ən mürəkkəb problemləri çox təmkinli şəkildə həll edirdi və görürdün ki, bunun başqa yolu yoxdur”.

AMEA-nın Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov deyib ki, Ağamusa Axundovun nəzəri dilçiliklə ardıcıl, hərtərəfli məşğul olması onun ən böyük üstünlüklərindən biridir. Bu üstünlük Ağamusa müəllimə imkan verirdi ki, təkcə dilçilik müstəvisində yox, həm də ədəbiyyat müstəvisində ən qəliz məsələlərin elmi həll olunmasında son sözü deyə bilsin: “Ağamusa müəllim Azərbaycan riyazi dilçilik məktəbinin banisidir. “Ortaq türk dili mümkündürmü?” – sualı neçə illərdir ki, türk dünyası ölkələrində gündəmdədir, bu sahədə tədqiqatlar və mübahisələr var. Ağamusa müəllimin də bu mövzuda məqaləsi və bir neçə konfransda çıxışı var. Yazırdı ki, esperanto dili kimi riyazi, qeyri-riyazi üsulla dil yaratmaq qeyri-mümkündür. Əgər mümkün olsa, xalq onu tətbiq edib işlədə bilməz. Ortaq türkcə ilə əlaqədar başqalarından fərqli olaraq, Ağamusa müəllim daha real düşüncəyə söykənən fikirlər irəli sürürdü. Deyirdi ki, biz ortaq türk dili, mədəniyyəti istiqamətində üç məsələni yaddan çıxarmamalıyıq. Birinci məsələ ortaq əlifba, ikinci məsələ ortaq orfoqrafiya, üçüncü məsələ lüğət tərkibi. Yazırdı ki, latın əlifbasına keçmək nə qədər mütərəqqi hadisədirsə, ayrı-ayrı türk xalqları arasında bir-birindən fərqli latıncalara keçmək o qədər də böyük hünər deyil. Lüğət tərkibi ilə bağlı deyirdi, daha yaxşı olardı ki, hər türk xalqının mütəxəssisi özünün lüğət tərkibi ilə dünya standartları səviyyəsində elə məşğul olsun ki, onun bu təşəbbüsləri başqa türkdilli xalqlarla əlaqələrin təməlini qoymuş olsun”.

Muxtar İmanov əlavə edib ki, akademik Ağamusa Axundov dilçilik və ədəbiyyatşünaslıq sahəsində nadir və çox qiymətli elmi əsərləri bizə yadigar qoyub: “Nə qədər dünya var, xalqımız var, nə qədər ki, mədəniyyətimiz və elmimiz var, şübhəsiz ki, o əsərlər Ağamusa müəllimi daim yaşadacaqlar. Ruhu şad olsun!”.

“Akademik Ağamusa Axundov təkraredilməz şəxsiyyətdir. O, qərb fizionomiyası ilə şərq müdrikliyini üzvi surətdə birləşdirən xarizmatik şəxsiyyət idi. Əlbəttə, məhz bu cür insanlar böyük alim, vətəndaş, şəxsiyyət olurlar. Biz bu gün qədirbilənlik tədbirinə yığışmışıq. Və əlbəttə, bu qədirbilənliyə layiq olan insan üçün yığışmışıq”.

Bu sözləri isə AMEA Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli deyib. Natiq deyib ki, tələbəliyi 70-ci illərə düşənlər iki cəhətdən xoşbəxt oldular: “Birinci cəhət o oldu ki, bizim imtahan verməyimizdən bir neçə ay əvvəl respublikada hakimiyyətə ümummilli lider Heydər Əliyev gəldi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə imkansız abituriyentlərin tələbə olmaq şansı artdı. İkinci cəhətdən bizim bəxtimiz gətirdi ki, biz nəhəng pedaqoqlar ailəsinə düşdük. Böyük alimlərin içində sayılıb-seçilənlərdən biri də Ağamusa Axundov idi. Bəxtim gətirdi ki, Ağamusa müəllim mənim diplom rəhbərim oldu. Ağamusa müəllim bizə təkcə elm öyrətmədi, həm də insanlıq dərsi keçdi. Ağamusa Axundov kimi böyük alimimizin heykəli xalqımızın ürəyindədir”.

AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli akademik Ağamusa Axundovun uzun illər Dilçilik İnstitutuna rəhbərlik etdiyini diqqətə çatdırıb və indi onun vəzifəsini davam etdirməyin məsuliyyətinin böyük olduğunu deyib: “Ağamusa müəllim gözü-könlü tox insan idi. İnsanlara qarşı bir niyyəti vardı: mərhəmət və həqiqət. İnsanları sevindirməyi çox sevirdi. Həzrəti Əli deyirdi ki, elm ibadətdir. Ağamusa müəllimin elmə xidmət edərək, ömrünü ibadətdə keçirib”.

Kürdəmir şəhər 3 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayeva müəllimi Ağamusa Axundov haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Kürdəmir şəhər İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov tədbirin Ağamusa Axundovun böyüyüb boya-başa çatdığı Kürdəmirdə keçirilməsinin əhəmiyyətindən danışıb. İcra başçısı vurğulayıb ki, Azərbaycanda elm və təhsilin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu tarixdən əvvəl də, sonra da Azərbaycanda böyük şəxsiyyətlər yetişib, xalqa töhfə veriblər: “Bu gün Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də elmə, mədəniyyətə, təhsilə böyük diqqət var. Bu gün akademik Ağamusa Axundovun 90 illik yubileyinin qeyd olunması həmin diqqət və qayğının nümunəsidir. Ölkədə olduğu kimi, Kürdəmir torpağı da müxtəlif sahələrdə böyük şəxsiyyətlər yetişdirib. Bu şəxsiyyətlərdən biri olan Ağamusa müəllimin yubileyi qeyd olunur. Ulu öndərimiz Heydər Əliyevin Ağamusa Axundova verdiyi böyük qiymətin, göstərdiyi etimadın göstəricisidir ki, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlananda Ağamusa Axundov komissiyaya üzv seçilmişdi. Bununla da Ağamusa müəllim Konstitusiyanın hazırlanmasına öz töhfəsini vermişdi. Ağamusa müəllim dövlət tərəfindən yüksək dəyərləndirilib. Ona “Şöhrət” ordeni və Dövlət mükafatı laureatı adı verilib. Təklif olunub ki, Kürdəmir şəhərinin küçələrindən birinə akademik Ağamusa Axundovun adı verilsin. Biz bu təklifi yüksək dəyərləndiririk. Küçənin adının verilməsi üçün sənədləşdirmə işlərinə artıq başlanılıb. Ağamusa müəllim təkcə Kürdəmirin yox, Azərbaycan xalqının yetirməsidir. Onun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Allah rəhmət eləsin”.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ağamusa Axundovun ailəsi adından tədbirin təşkilinə görə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürünü bildirib: “Ağamusa müəllimin xatirəsini yaşadan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak etdiyi üçün Xalq yazıçısı Anara minnətdarlığımı bildirirəm. Anar müəllimi və Ağamusa Axundovu kübarlıq, ağayanalıq, şərəf və ləyaqət sahibi olmaq kimi anlayışlar birləşdirir. Akademik həmkarlarıma təşəkkür edirəm ki, Ağamusa müəllim haqqında çox maraqlı, ətraflı çıxışlar etdilər. Mən xoşbəxt adamam ki, on beş yaşımdan Ağamusa müəllimlə təmasda olmuşam, ondan həyat dərsi almışam. O, mənim auditoriyada müəllimim olub. Daha sonra həyatda müəllimliyimi davam etdirib. Tale elə gətirib ki, Ağamusa müəllim xəstələnəndən sonra Azərbaycan Milli Elmlər Akademiyasının ictimai və humanitar elmlər bölməsinin akademik katibi mən olmuşam. Həmin bölmədə ondan sonra çalışmaq son dərəcə rahat idi. Ağamusa müəllim elə səliqə-sahman, elə bir iş üslubu yaratmışdı ki, 17-18 institutu birləşdirən o bölmədə son dərəcə nikbin elmi ab-hava hökm sürürdü. Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, Ağamusa Axundov orada öz yekunlaşdırıcı, inandırıcı sözünü söyləməsin, o sahəyə bir işıq altında baxmağı təklif eləməsin”.

Akademik Kamal Abdulla Ağamusa Axundovun təvazökarlığından, insanlara olan son dərəcə diqqət və qayğısından söz açıb: “Əgər Ağamusa müəllim sağ olsaydı bu tədbirin keçirilməsinə razı olmazdı. Yaxınları, dostları təsdiq edə bilərlər ki, ad günlərinə, yubileylərinə münasibəti həmişə belə olub. Hər birinizə bir daha minnətdaram”.

Tədbirdə eyni zamanda akademik Ağamusa Axundov haqqında dünya alimlərinin fikirləri video-çarx vasitəsi ilə səsləndirilib, məktəblilər tərəfindən ona həsr olunan şeirlər oxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti