...

Mərkəzi Gömrük Hospitalında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 28 May 2022 11:04 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalında Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
27 may 2022-ci il tarixində 28 May Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər.

Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov açılış nitqi ilə çıxış edərək 28 May Müstəqillik gününün hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu olduğunu deyərək, onun tarixindən danışıb. Baş həkim Elman Məmmədov qeyd edib ki, 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ açılmış, ölkənin yüksəlişi üçün əhəmiyyətli işlər görülmüşdür.

Baş həkim Elman Məmmədov deyib: “Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədiləşdirməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Xalqımız ötən əsrin əvvəllərində vətənpərvər oğullarımızın apardığı mübarizənin nəticəsi kimi qurulan Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə fəxr edir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına böyük təsir göstərmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarını və Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.

Daha sonra tədbirdə 28 May Müstəqillik gününün tarixinə həsr edilmiş film nümyaiş edilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Vüsal Cəfərov, sonoloq Günay Əhmədova, travmatoloq Müseyib Əhmədov və PR mütəxəssis Dilara Zamanova 28 May Müstəqillik gününün tarixi barədə çıxış ediblər.

Məruzəçilər çıxışlarında 1920-cu ilin 28 aprel tarixində Azərbaycan Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğal olunması, 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə “Azərbaycan Xalq Cümhuriyyətinin” varisi olan bugünkü Azərbaycan dövlətinin yaranması və 1993-cü ildə əldə edilən müstəqilliyin təhlükə altında olmasını qeyd ediblər. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Respublikası öz müstəqilliyini, suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi.

Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə dediyi "Azərbaycan dünyaya Günəş kimi doğacaq" müdrik kəlamı özünün əyani ifadəsini tapmışdır. Müstəqillik yolları ilə inamla irəliləyən Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilib, dünya xəritəsində özünün layiqli yerini tuta bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti