Bakı. Trend:
İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, 2022-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər təşkil etmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.
2022-ci ilin may ayında Azərbaycanın hava limanlarında 396 min nəfərə xidmət göstərilmişdir, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir.
Bakı hava limanının baza aviadaşıyıcıları – “AZAL” və “Buta
Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin
daşınmışdır. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin
sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin
36%-ni təşkil edir.
2022-ci ilin may ayında Bakı hava limanına 24 xarici aviaşirkət
müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Varşavadan Bakıya
LOT aviaşirkətinin birbaşa reysləri açılıb.
May ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul,
Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və
Küveyt şəhərləri daxil olub.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük
daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal
kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda
və regionda ən böyük hava limanıdır.
2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax"
Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən hava
limanları arasında COVID-19 pandemiyası dövründə epidemioloji
təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülmüşdür.
Bu reytinq öz sərnişinlərini və əməkdaşlarını koronavirusun
yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda
tətbiq olunan COVID-19 əleyhinə tədbirlərin səmərəliliyinin yüksək
səviyyədə tanınması deməkdir.