Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər. 10 iyun 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının 4-cü kurs həkim-rezidenti Şəbnəm Qədiməliyeva “Lupus Nefrit” mövzusunda təqdimatla çıxış edib.
Trend xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova, Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov, Ege Hospitalının nefroloqu Cəbrayıl Cəbrayılzadə, Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kadefrasının assistenti Barat Yusifov, Milli Onkologiya Mərkəzinin nefroloqu Elvin İsayev, Klinik Tibbi Mərkəzin Nefrologiya və Hemodializ şöbəsinin rəisi Xəyalə Quluzadə, nefroloq Natiq Mənsimov və Azərbaycanda nefrologiya sahəsi üzrə təhsil alan həkim rezidentlər iştirak ediblər.
Həkim-rezident Şəbnəm Qədiməliyeva qeyd edib ki, Lupus nefrit xəstəlikləri son zamanlar geniş yayılmışdır. Xəstəliyə yetkinlik yaşına çatmış və 40 yaşına qədər olan qadınlarda daha çox rast gəlinir. Xəstəlik əsasən sifətin qızarması, günəş şüalarından qorxma, dəridə səpkilərlə, sifətdə və ayaqlarda qızartılarla müşayiət olunur. Bəzi hallarda böyrəklərdə də zədələnmələr olur. Qırmızı qurd eşənəyi xəstəliyinin müalicəsi mövcuddur və bu zaman xəstə daim həkim nəzarətində olmalıdır. Əsas əlamətləri temperaturun qalxması, iştahsızlıq, bədən çəkisinin itirilməsi və s.-dir.
Həkim-rezident Şəbnəm Qədiməliyevanın təqdimatından sonra mövzu üzrə geniş müzakirələr aparılıb.
Həkim-rezident Şəbnəm Qədiməliyevanın kuratoru Dr.Mirmənsim Məmmədov Lupus Nefrit xəstəliyi ilə bağlı qeydlərini bildirib, tövsiyələrini verib, yetirməsinə gələcək işlərində uğurlar arzulayıb. Mərkəzi Gömrük Hospitalının rəisinin müavini Rəna Qasımova və Azərbaycan Tibb Universitetinin Daxili Xəstəliklər kadefrasının assistenti Barat Yusifov müzakirələrdə fəal iştirak ediblər.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında nefroloqların təşkil etdikləri və artıq ikinci dəfə keçirilən seminarın mövzusu Azərbaycanda Qırmızı qurd eşənəyi xəstəliyinin yayılmasına, xəstəliyin müalicəsinə yeni yanaşmalara həsr olunub. Seminara Azərbaycan Nefroloji Dərnəyinin üzvləri də qatılıb. Tədbirdə 40 nəfər iştirak edib.