Bakı. Trend:
İyunun 24-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.
MDB prokurorluq orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Şuranın iclasında K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə danışaraq cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda çıxış edib.
İclasda həmçinin MDB dövlətlərinin baş prokurorlarının və beynəlxalq təşkilatların rəhbərlərinin cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı prokurorluqların rolu haqda çıxışları dinlənilib.
Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Katibliyin məsul vəzifələrinə seçkilər keçirilib. Baş prokuror Kamran Əliyev Şuranın “Qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə görə” medalı ilə təltif olunub.
Şuranın 2023-cü ildə iclasının Bakı şəhərində keçirilməsi qərara alınıb.