...

Xudat şəhərində yeni abidə-bulaq kompleksi inşa olunub (FOTO)

Cəmiyyət Materials 24 İyun 2022 15:48 (UTC +04:00)
Xudat şəhərində yeni abidə-bulaq kompleksi inşa olunub (FOTO)

Bakı. Trend:

26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvəlləri günü ərəfəsində Xaçmaz rayonunun Xudat şəhərində şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Kompleksdə Birinci Qarabağ və Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirə lövhələri yerləşdirilib.

Müasir memarlıq üslubunda tikilən kompleksin ərazisində dekorativ ağaclar əkilib, oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb. Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhidlərin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Rayon ictimayyətinin nümayədələri əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 2020-ci ilin sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb. Bu Qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyən icra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirdiklərinə görə şəhidlərin valideyinlərinə dərin ehtiramını bildirib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə yerli şairlərin və məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Açılış mərasimindən sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə səmimi söhbət edib, problemləri, qayğıları ilə maraqlanıb. Elnur Rzayev şəhid ailələri və qazilərin yanında olduğunu onlara daim xüsusi diqqət göstəriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti