Bakı. Trend:
Mediada intihar hadisələri ilə bağlı məlumatların geniş şəkildə yayılması, intihar hadisələrinin detalları ilə göstərilməsi insanlara təsirsiz ötüşmür.
Bunu Trend-ə açıqlamasında Eros Psixologiya Mərkəzinin psixoloqu Vəfa Əkbər deyib.
O qeyd edib ki, bu cür məlumatların yayılması intihara meyilli insanlar üçün daha təhlükəlidir.
“Bu cür məlumatlar intihara meyilli insanlara hansı intihar yolu
seçməsinə
“yardımçı” olur. İntiharlarla bağlı məlumatların ictimailəşməsi,
mətbuatda yayılması intihara meyilli insanların içərisində yatan
duyğulara rəng qatır, yəni intihara meyilli insanın intiharını
tezləşdirə bilər. İntiharlarla bağlı məlumatların bu qədər çox
yayılması insanda olan passiv duyğunu aktivləşdirir, daha da ön
plana çıxarır”, - deyə V.Əkbər deyib.
Psixoloq intiharlarla bağlı məlumatların davamlı yayılmasının məqsədəuyğun olmadığını bildirib.
“İntiharlarla bağlı məlumatları aylıq, həftəlik statistika formasında vermək olar. Amma intihar hadisəsindən çəkilən anbaan videonun yayılması və ya digər detalların açıqlanması yolverilməzdir”, - deyə o qeyd edib.