Bakı. Trend:
2022-ci ilin 19 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Birgə və Sağlam” İctimai Birliyinin həmtəsisçisi Həzi Eynalov ilə görüşüb. Görüşdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak edib.
MDU-dan Trend-ə bildirilib ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Ş.Bayramov xüsusilə bu məsələnin ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı ilə əhatə olunduğunu bildirib. İctimai Birliyin autizmlə mübarizə fəaliyyətlərini müsbət dəyərləndirən rektor qurumun regionda həyata keçirəcəyi layihələrdə MDU-nu əsas tərəfdaşlardan biri kimi görməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, son dövrdə sosial fəaliyyətlərini daha da genişləndirən və regionun ictimai həyatına aktiv inteqrasiya edən MDU sözügedən istiqamətdə birgə fəaliyyətlərin həyata keçirilməsi üçün zəruri potensiala sahibdir.
İctimai Birliyin əsas missiyası və fəaliyyət istiqamətləri
barədə məlumat verən H.Eynalov Heydər Əliyev Fondunun hərtərəfli
dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin
həlli istiqamətində həyata keçirdikləri layihələrdən və
tədbirlərdən bəhs edib. Qeyd edib ki, fəaliyyətlərinin başlıca
məqsədi ölkədə autizm spektr pozuntusu olan uşaqların erkən yaşda
müəyyənləşdirilməsi, onların xüsusi təhsil, məktəbəqədər təhsil,
ixtisas əldə etmə, özünü idarə etmə və müstəqil davranış kimi
ehtiyaclarına uyğun tədrisin təmin olunmasıdır. Bununla bağlı,
geniş maarifləndirmə və məlumatlandırma işlərinə ehtiyacın
yarandığını bildirən H.Eynalov pedaqoji profilli kadrlar hazırlayan
və hazırda müasirləşmə yolunda mühüm addımlar atan MDU ilə
əməkdaşlığın faydalı olacağına inandığını söyləyib.
Sonra, görüşdə əməkdaşlığın konkret istiqamətləri müzakirə
edilib.
Qeyd edək ki, MDU regionda həyata keçirilən müxtəlif sosialyönümlü layihələrdə fəal iştiraka və bununla bağlı tərəfdaşlıqlara xüsusi önəm verir.