...

FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Cəmiyyət Materials 22 İyul 2022 11:25 (UTC +04:00)
FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Nazirlikdən Trend-ə verilən məlumatda qeyd edilir ki, Milli Hidrometeorologiya Xidməti yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən küləkli hava şəraitinin davam edəcəyini, şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı keçəcəyini, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağını, dolu düşəcəyi, şimşək çaxacağını, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyini proqnozlaşdırır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti