...

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı “Yay Fest”də gənclərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2022 10:54 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı “Yay Fest”də gənclərlə görüşüb (FOTO)

Bakı. Trend:

Ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest”də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəsi Melek Çakmak, eləcə də təşkilatın ekspertləri “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” həftəsində iştirak edən gənclərlə görüşüb. Çıxışı zamanı Melek Çakmak FAO-nun Azərbaycanda və dünyada gördüyü işlər, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühit və biomüxtəliflik mövzularına toxunub. Melek Çakmak bildirib ki, heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüziv və dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması FAO-nun ümumi məqsədlərindən biridir.

İnteraktiv sessiyalar zamanı ekspertlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dörd layihəsi, təşkilatın ölkəmizdəki missiyası və gənclərin mümkün töhfələri barədə düşərgə iştirakçılarını məlumatlandırıb və gənclər tərəfindən səsləndirilən sualları cavablandırıblar.

Qeyd edək ki, “Yay Fest” çərçivəsində keçirilən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” həftəsi ərzində BMT-nin müxtəlif agentliklərinin, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə müxtəlif mövzular üzrə interaktiv sessiyalar, eləcə də əyləncəli və intellektual yarışlar, təlim və təqdimatlar təşkil olunmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti