Bakı. Trend:
Ədliyyə Nazirliyi tərəfindən "ƏN TEZ xidmət" konsepsiyası hazırlanıb.
Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ədliyyə sahəsində tətbiq olunan yeni rəqəmsal innovasiyaların ictimai təqdimatında deyib.
O bildirib ki, "ƏN TEZ xidmət" artıq istifadəyə verilib:
"Vahid məkanda cəmləşən və rəqəmsallaşan xidmətlərin smart
texnologiyaları əsasında daha sürətləndirilmiş şəkildə əhaliyə
təqdim edilməsi, həmçinin sosial-iqtisadi inkişafın Milli
Prioritetlərindən biri olan Böyük Qayıdışa uyğun işğaldan azad
edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-qurucluq
tədbirləri çərçivəsində bu ərazilərdə xidmətlərdən daha operativ
yararlanması qarşıya qoyulan hədəflər sırasındadır.
Məhz bu hədəflərə nail olunması məqsədi ilə Ədliyyə Nazirliyi
tərəfindən ƏN TEZ konsepsiyası hazırlanıb. Bu konsepsiya təkcə
müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, həmçinin
hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və
xidmətləri olduqca sürətləndirimiş rejimdə göstərilməsini
şərtləndirir".
İdarə rəisi qeyd edib ki, həmin sürətə nail olmaq üçün
respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin
xidmət şəbəkəsinə cəlb olunacaq və vətəndaşın müraciəti zamanı
həmin vaxtı işi nisbətən az olan qurum onun icrasını təmin
edəcək:
"ƏN TEZ, açıqlamasını versək, Ədliyyə Nazirliyinə Təcili Elektron
Zəng, xidmətinin özəlliyi müraciət edən şəxsdən hər hansı sənəd
yaxud elektron imza tələb etmədən sadəcə operatora bir videozəng
etməklə xidmətlərdən məsafədən yararlanmasındadır. Yeni
infrastrukturların yaradılmasını, habelə əlavə işçi qüvvəsinin cəlb
edilməsini istisna edən bu konsepsiya izafi xərclərin qarşısını
almaqla yanaşı müxtəlif ədliyyə xidmətlərindən eyni zamanda
yararlanmasını təmin edəcək".