...

Azərbaycanda avtobus biletlərinin onlayn satışı ilə bağlı yeni layihə hazırlanıb

Cəmiyyət Materials 7 Dekabr 2022 21:00 (UTC +04:00)
Azərbaycanda avtobus biletlərinin onlayn satışı ilə bağlı yeni layihə hazırlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məqsədi daşımaların təhlükəsizliyini artırmaq və sənayenin rəqəmsal transformasiyasını həyata keçirməkdir.

Bunu çərşənbə günü Trend-ə müsahibəsində agentliyin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı seqmentlərinin bütün spektrini - daşımaların özünü və yol-nəqliyyat infrastrukturunu tənzimləyəcək.

"Söhbət avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərdaxili və şəhərlərarası nəqliyyatda sərnişin və yük daşımalarından, eləcə də taksi xidmətlərindən gedir. İslahatlar avtomobil nəqliyyatının bütün sektoruna təsir etməlidir və bu, ilk növbədə, sərnişin daşımalarına aiddir. Pandemiya zamanı qanunsuz daşımalarda görünməmiş artımla əlaqədar avtovağzalların işləmə sistemi, əslində, pozulub. Hazırda davam edən pandemiya səbəbindən beynəlxalq avtomobil sərnişindaşımaları hələ də həyata keçirilmir. Biz daşımaların təhlükəsizliyini daha da yaxşılaşdırmağa, eləcə də sənayenin rəqəmsal transformasiyasını həyata keçirməyə hədəflənmişik”, - deyə Rzayev bildirib.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə avtobus reyslərinə biletlərin satışı ilə bağlı danışarkən bildirib ki, bu marşrutlara biletlər onlayn olaraq yolumuzqarabaga.az portalı vasitəsilə satılır. Bu biletləri kassadan əldə etmək olmur.

"Biz əvvəlcədən mətbuatda bilet satışının başlandığını bildiririk. Təbii ki, ən çox tələbat Azərbaycanın mədəniyyət paytaxtı Şuşayadır. Bu biletlər çox tez, bəzən hətta ildırım sürəti ilə də satılır. Digər istiqamətlərdə də maraq kifayət qədər yüksəkdir - avtobuslar tam dolur. İşğal olunmuş ərazilərə, daha doğrusu, Kəlbəcər və Laçına yeni marşrutların nə vaxt açılacağı ilə bağlı suallar və müraciətlər olur. Əhali tərəfindən Qarabağa reyslərə çox böyük tələbat var”, - deyə agentliyin sədri bildirib.

Bundan başqa, R.Rzayev qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərə 500-ə yaxın reys həyata keçirilib və 21 minə qədər sərnişin daşınıb.

"Hazırda Şuşaya həftədə 9 reys həyata keçirilir. Təbii ki, biz reyslərin sayını artırmaq istərdik. Bunun üçün bütün texniki imkanlarımız var. Lakin reyslərin sayının artması təkcə texniki imkanlarla bağlı deyil, həm də digər komponentlərlə - infrastrukturun təhlükəsizliyi və hazırlığı ilə bağlıdır. Agentlik bununla bağlı vəziyyətə nəzarət edir və bu iş fasiləsiz aparılır”, - deyə o bildirib.

İdarə Heyəti sədrinin sözlərinə görə, agentliyin fəaliyyətinin digər istiqaməti sərnişindaşıma sahəsində texnoloji, informasiya transformasiyasının həyata keçirilməsidir.

"Artıq bütün istiqamətlər üzrə onlayn bilet satışı üzrə yeni layihə hazırlanıb. Bu mərhələdə biletim.az portalı test rejimindədir. Artıq bir çox avtovağzallarda bu proqram quraşdırılıb, hazırlıq işləri aparılıb və kadr hazırlığı görülüb. Proqramın yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir. Bundan başqa, AYNA informasiya sistemi də yaradılacaq ki, bu sistemə onlayn bilet satışı da daxil olacaq. Bu gündən etibarən marşrutları məsafədən izləməyə, reyslərin düzgün işləməsini müşahidə etməyə imkan verən monitorinq mərkəzi fəaliyyətə başlayıb. Prinsipcə, bütün sahələrdə sektorun rəqəmsal transformasiyası layihələri hazırlanır. Bura icazələrin verilməsi, sürücülərin və operatorların hazırlanması, nəzarət funksiyaları aiddir”, - deyə o bildirib.

R.Rzayev qeyd edib ki, Yerüstü Nəqliyyat Agentliyi həm də avtomobil daşımalarının tənzimlənməsi, avtomobil nəqliyyatı və digər avtomobil nəqliyyatı xidmətlərinə olan tələbatın təmin edilməsi, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla, ölkədaxili və beynəlxalq sərnişin və yük daşımalarında qayda və tələblərə riayət olunmasına nəzarətin həyata keçirilməsinə məsuliyyət daşıyır.

"Paytaxta yaxınlaşmalar bizim tənzimləməmiz çərçivəsindədir. Sumqayıt-Bakı marşrutu ilə bağlı dəyişikliklər planlaşdırırıq. Hesab edirik ki, Sumqayıtdan daşınmalar 20 Yanvar metrosunda bitməməli, avtobusun son təyinat məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısındakı “Avtovağzal” metro stansiyası olmalıdır. Avtovağzal kompleksinin ərazisində vətəndaşların şəhərlərarası avtobuslarla şəhərə çata biləcəyi böyük avtobus qovşağı da var. Sərnişindaşıma şərtləri daha çətin olan "Lökbatan dairəsi" adlanan ərazi də var. Tıxacın aradan qaldırılması üçün müəyyən işlər görülür. Qeyd edim ki, oktyabrın 31-dən bu ərazilərdə reydlər keçirməyə başladıq. Statistikanın dili ilə desək, inzibati xətalara dair 850-dən çox protokol tərtib edilib, xeyli sayda sürücü ilə izahat işi aparılıb”, - deyə Rzayev bildirib.

Agentlik rəhbəri avtobus bazası sahəsində görülən işləri də diqqətə çatdırıb.

"Nəticələrə görə, Bakı şəhəri istisna olmaqla, müntəzəm və qeyri-müntəzəm daşımaları həyata keçirən istismarda olan avtobusların ümumi sayı 5,6 min ədəddən çoxdur. Avtobusların orta yaşı 20 ildir. Təbii ki, parkın yenilənməsinə ehtiyac var. Çünki onun köhnəlməsi təyin olunmuş istiqamətlərdə daşımaların dayanmasına səbəb ola bilər. Biz hesab edirik ki, bu sahəyə kapital axını üçün şərait yaratmaq lazımdır. Biz bütün marşrutlar üzrə şəffaf tenderlər keçirməyi planlaşdırırıq. Qeyd edim ki, bu prosesə artıq start verilib və marşrutlar tədricən tenderə çıxarılır. İxtiyarında komfortlu avtomobilləri və daha təcrübəli sürücüləri olan sahibkarlara üstünlük verilir. Hazırkı mərhələdə şəhərlərarası marşrutlar üzrə müsabiqələr keçirilir və gələcəkdə şəhərdaxili marşrutlar üzrə də elan olunacaq. Avtomobil nəqliyyatı bazarının genişləndirilməsinin digər mexanizmi bu sahəyə investisiya qoymaqda maraqlı olan sahibkarlarla görüşlərin keçirilməsi, izahedici işlərin aparılmasıdır. Biz yeni şəhərdaxili daşıma modelini işləyib hazırlamışıq ki, bu da həm məsələnin maliyyə hissəsinə, həm də marşrutların optimallaşdırılmasına təsir edir. Özlüyündə şəhərdaxili daşımalar təkcə nəqliyyat məsələsi deyil, həm də urbanizasiya, məkan iqtisadiyyatı və torpaqdan istifadə məsələsidir. Belə vahid yanaşma şəhərdaxili daşımalarda yeni şərait yaradacaq”, - deyə o bildirib.

R.Rzayev yekunda gedişhaqqının süni şəkildə artırılması məsələlərinə və onunla mübarizə yollarına toxunub: "Daşımaların qiymətinin süni şəkildə artırılması qanunsuzdur. Bu, sərnişinlərin hüquqlarını pozur. Belə olan halda biz həmin daşıyıcının inzibati xətasına dair protokol tərtib edirik. Fürsətdən istifadə edərək, ictimai nəqliyyat istifadəçilərinə müraciət etmək istəyirəm. Əgər belə hallarla qarşılaşırlarsa, 1181 qısa nömrəsi ilə qurumumuzun qaynar xətti ilə əlaqə saxlayıb, məlumat vermələrini xahiş edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti