Bakı. Trend:
Yanvarın 12-də elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə,
məktəbdə mövcud şəraitlə yaxından tanış olan qonaqlar məktəb
kollektivi və valideynlərlə görüşüb, onlarla səmimi söhbət
aparıblar.
Nazirin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı
gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Elm və Təhsil
Nazirliyi vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin
müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu
məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə
çalışır. Məktəbdə sağlam pedaqoji mühitin mövcudluğunun əsas
şərtlərdən biri olduğunu vurğulayan Elnur Nəsibov məhz belə mühitin
təhsil müəssisəsinin göstəricilərinin daha da yaxşılaşmasına və
onun inkişafına şərait yaratdığını bildirib. Məktəb
infrastrukturunun yenidən qurulması istiqamətində görülən işləri
diqqətə çatdıran nazirin müşaviri Mil-Muğan regionundakı qəzalı
vəziyyətdə olan məktəblərin yenidən tikintisi və ya əsaslı təmiri
ilə bağlı işlərin davamlı olaraq həyata keçiriləcəyini bildirib.
Elnur Nəsibov həmçinin qəzalı vəziyyətdə olan Aranlı kənd 1 nömrəli
tam orta məktəbi üçün cari ildə yeni tədris binasının
layihələndirmə işlərinə başlanılacağını vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel
Səfərova təmsil etdiyi qurumun vətəndaşları dinləməyə hər zaman
açıq olduğunu və bu kimi məsələlərin xüsusi diqqətdə saxlanıldığını
əlavə edib.
Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və
təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin
aparılacağı qeyd edilib.