Bakı. Trend:
"Azərbaycan Hava Yolları" Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA)
uğurla keçib.
Trend xəbər verir ki, IOSA auditi aviaşirkətin uçuş
təhlükəsizliyinə təsir edən əsas fəaliyyət sahələrini, o cümlədən
hava gəmilərinin təmiri və texniki xidmət, uçuşların yerinə
yetirilməsi, əməliyyatlara nəzarət və uçuşların planlaşdırılması,
hava gəmilərinə yerüstü xidmət, yük daşımaları, aviasiya
təhlükəsizliyi, təşkilat və idarəetmə sistemlərini əhatə edir.
IOSA auditinin uğurla tamamlanması hava nəqliyyatı sənayesində
aviadaşıyıcının etibarlılığının və yüksək təhlükəsizliyinin sübutu
kimi qəbul edilir. IOSA beynəlxalq səviyyədə tanınmış audit
prinsiplərinə əsaslanır. Proqrama əsasən auditlər standart və
davamlı şəkildə həyata keçirilir. IATA təşkilatı aviaşirkəti
təxminən 1000 IOSA təhlükəsizlik və keyfiyyət standartlarına əsasən
iki ildə bir dəfə yoxlayır. Auditlər IATA-nın xüsusi akkreditasiya
prosesindən keçmiş təşkilatlar tərəfindən aparılır. Həmçinin, eyni
audit təşkilatının ardıcıl olaraq aviaşirkətin yoxlanmasının həyata
keçirməsinin qarşısı alınır.