Bakı. Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 3 məntəqə əlavə edilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, sərnişinlər artıq paytaxt Bakıdan Ağcabədi, Qəbələ və Şabrana, eləcə də əks-istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala biləcəklər.
Sistemdə bu günə kimi Bakıdan Gəncə, Qazax, Gədəbəy, Bərdə, Mingəçevir, Göyçay, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Xudat, Astara, Lənkəran və Horadizə olmaqla 17 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 20-yə çatıb.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 58-ə, nəqliyyat vasitələrinin sayı isə 115-ə çatdırılıb.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.