...

2700-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2023 14:35 (UTC +04:00)
2700-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib (FOTO)

Bakı. Trend:

Postmüharibə dövründə reabilitasiya müəssisələrində 2700-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib.

Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Lənkəran Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

KİV nümayəndələri Mərkəzdə əlilliyi olan şəxslərə, eləcə də 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətləri ilə tanış olublar.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, reabilitasiya potensialının dəfələrlə artmasına nail olunub.

Agentliyin tabeliyində Bakıda və ölkəmizin regionlarında olmaqla 14 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Ötən il də qurumun reabilitasiya müəssisələrində əvvəlki ilə nisbətən 5,4 dəfə çox olmaqla 50,4 min, bu ilin iki ayında isə 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib. Həmçinin, 2022-ci ildə əlilliyi olan şəxslər əvvəlki ilə nisbətən 40 faiz çox olmaqla 66,3 min, son iki ayda isə 12,6 min reabilitasiya vasitəsi ilə təmin ediliblər.

Qeyd olunan müəssisələr 44 günlük Vətən müharibəsində yaralanmış hərbçilərimizin səmərəli bərpa müalicəsi xidmətləri ilə təminatında mühüm rola malikdirlər.

Media nümayəndələrinə məlumat verilib ki, postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 2700-dən çox müharibə veteranına sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Bu dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 1900-dən çox şəxs 34 min reabilitasiya vasitəsi, I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş ümumilikdə 406 hərbçi 423 yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib.KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti