...

Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü (FOTO)

Cəmiyyət Materials 18 Mart 2023 11:02 (UTC +04:00)
Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 08:00-da Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb. Qatar mənzil başına saat 11:20-də çatacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildirilib.

Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin may ayının 15-də baş tutub.

Hərəkət cədvəlinə gəlincə qatar həftə sonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN-dir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, Qəbələ Dəmiryol Vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti