...

Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının iclasında təmsil olunub (FOTO)

Cəmiyyət Materials 21 Mart 2023 05:31 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti Beynəlxalq Universitetlər Assosiasiyasının iclasında təmsil olunub (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) İdarə Heyətinin növbəti iclasında iştirak edib.

MDU-nun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, UNESCO-nun Parisdəki baş qərargahında baş tutan tədbirdə İdarə Heyətinin 2022-ci ilin oktyabrında keçirilmiş əvvəlki iclasından sonrakı dövrdə IAU çərçivəsində reallaşdırılan fəaliyyətlər barədə hesabatlar dinlənilib. Eyni zamanda, IAU-nun idarəedilməsinin təkmilləşdirilməsi, təşkilata yeni üzv universitetlərin qəbul olunması, IAU Katibliyinin işinin səmərəliliyinin yüksəldilməsi, maliyyə daxilolmalarının artırılması imkanları və digər məsələlər ətraflı müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

İclasda “IAU 2030 Strategiyası” əsasında hazırlanmış Fəaliyyət Planı (2023-2026) layihəsi geniş müzakirə olunub. Müvafiq əlavə və düzəlişlərin edilməsi ilə IAU İdarə Heyəti tərəfindən qəbul olunan Fəaliyyət Planı dörd strateji prioritet üzrə müvafiq tədbirlərin reallaşdırılmasını nəzərdə tutub: qlobal əhatəli və dəyər əsaslı liderlik; cəmiyyət üçün beynəlmiləlləşmə və qlobal ortaq məhsul; davamlı inkişaf üçün ali təhsil və tədqiqat; ali təhsilin rəqəmsal transformasiyası. Qeyd edilən strateji prioritetlər üzrə həyata keçiriləcək fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə IAU İdarə Heyəti üzvlərindən ibarət dörd İşçi Qrupu yaradılıb.

Tədbir günlərində Ş.Bayramov UNESCO-nun Baş direktorunun təhsil məsələləri üzrə köməkçisi Stefania Giannini, 17 ölkənin UNESCO yanında nümayəndəliklərinin diplomatları, IAU-nun Prezidenti Andreu Deeks, IAU İdarə Heyətinin üzvləri və IAU Katibliyinin əməkdaşları ilə görüşüb.

Eyni zamanda, Ş.Bayramov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevlə görüşüb, səfirlik tərəfindən təşkil olunan Novruz bayramı tədbirinə qatılıb.

Qeyd edək ki, MDU 2022-ci ildən IAU-nun üzvüdür. Ş.Bayramov IAU-nun 2022-ci ilin oktyabrında İrlandiyanın paytaxtı Dublin şəhərində baş tutan 16-cı Baş Konfransı çərçivəsində keçirilmiş seçkilərdə IAU İdarə Heyətinin üzvü seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti