Bakı. Trend:
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün bu gün, aprelin 4-də yenidən dənizə çıxıb.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Trend-ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən aprel ayının 14-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər keçiriləcək: “Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.