...

Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2023 18:23 (UTC +04:00)
Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 12-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda növbəti tədbir keçirildi.

Trend xəbər verir ki, tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, gənclərimiz gələcəyimizin etibarlı davamçılarıdır. Yaradıcı, zəngin potensiala malik olan gənclər qürur mənbəyimizdir. Hakimiyyətinin hər iki mərhələsində ölkəmizin hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Əhalinin bu təbəqəsinə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər forumlarının keçirilməsi, Gənclər Gününün təsis edilməsi, bir sözlə, gəncliyin inkişafına xidmət edən Dövlət proqramlarının təsdiqlənməsi, qəbul edilən qanunlar əsasında ölkədə gənclər siyasətinin qanunvericilik bazasının formalaşdırılması dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrün ən səciyyəvi xüsusiyyətlərindən idi.

Vüqar Rəhimzadə qeyd etdi ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır ki, bunlardan biri Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi idi. Hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təbliği prioritet məsələ idi. Təbii ki, burada əsas məsələ tariximizə, dilimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə bağlılıqdır. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili statusu qazanması Ümummilli Liderin qətiyyətinin nəticəsidir. 1978-ci ildə qəbul olunan Konstitusiyada bu mühüm maddə öz əksini tapmışdır.

YAP Xətai rayon təşkilatının sədri vurğuladı ki, Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev hazırda bu siyasətə sadiqliyini uğurlu addımları, imzaladığı Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları ilə nümayiş etdirir. Həmçinin, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər İli» elan edilməsi dövlətin onlara diqqət və qayğısının bariz nümunəsidir. Ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni nəslin fəal iştirakı üçün önəmli kadr islahatı həyata keçirilir, gənc istedadlara dövlət qayğısı artırılır. «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın, «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncamların imzalanması gənclərlə bağlı məsələlərin həllini daha da aktuallaşdırdı.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov Azərbaycan gənclərinin tariximizin ayrı-ayrı dövrlərində keçdiyi inkişaf mərhələlərindən geniş bəhs etdi. Bildirdi ki, gənclərin müasir baxışları, baş verən proseslərə yanaşmaları, bir sözlə, enerjiləri, öz bacarıqlarını ortaya qoymaq istəkləri onların qarşısında geniş imkanlar açır. Ulu Öndər Heydər Əliyev məhz gənclərimizə bu imkanları yaratdı. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncliyi sağlam düşüncəli, vətənpərvər gənclikdir. Gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi yaxşı bilməli və onların təbliğində fəal iştirak etməlidirlər. Ulu Öndərin gənclərin xaricdə təhsili ilə bağlı atdığı addımların mahiyyətində dayanan mühüm məqsədlərdən biri məhz azərbaycançılığın təbliği idi.

Sadiq Qurbanov bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin böyük əksəriyyətinin gənclər olduğunu bildirdi. Diqqətə çatdırdı ki, Ümummilli Lider daim partiyanın sıralarında daha çox gənclərin təmsil olunmasına çağırış edirdi. Partiyanın tərkibində Gənclər Birliyinin yaradılması da deyilənlərin təsdiqidir. Göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan gəncliyi elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi müasir dövrümüzdə bütün sahələrin inkişafına öz töhfələrini verirlər. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərimizin idarəçilikdə irəli çəkilməsi üçün bütün zəruri addımları atır. Azərbaycan gənclər ölkəsidir. Gənclərin malik olduğu potensialdan səmərəli istifadə etmək bütün dövrlər üçün öz aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev bildirir ki, neft-qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onların inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.

Milli Məclisin Komitə sədri bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, gənclərimiz müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olduqları üçün qürur duyurlar. Reallıq budur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapır.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyündən geniş bəhs etdi. Bildirdi ki, bu gün Azərbaycan gənci torpağına, Vətəninə bağlılığı ilə diqqətdədir. Ulu Öndər Heydər Əliyevin hər bir çağırışını yüksək səviyyədə cavablandıran gənclərimiz illər keçdikcə tariximizi, milli-mənəvi dəyələrimizi daha dərindən öyrənməklə bu mənəvi sərvətlərimizin gələcək nəslə çatdırılmasında fəal iştirak edirlər. Bu gün Azərbaycanın adı çəkiləndə ilk olaraq göz önünə dahi şəxsiyyət Heydər Əliyev gəlir. Ümummilli Lider Azərbaycanı daim yüksəklərdə görmək istəyirdi və ilk gündən bu hədəfi qarşıya qoydu ki, Azərbaycan Günəş kimi dünyaya doğacaq. Artıq iki ildən artıqdır ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Bu sevinci bizə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi, gənclərimizin torpaq, Vətən sevgisi yaşatdı. Düşmənin 30 ildə tikdiyi ən keçilməz istehkamları belə cəsarəti ilə dağıdan əsgərlərimizin azad edilmiş ərazilərdə ucaltdıqları üçrəngli bayraqların hər biri Ali Baş Komandana qalibiyyət raportu idi. Bu gün Böyük Qayıdışa doğru inamla addımlayan, döyüşlərdə olduğu kimi, bərpa-quruculuq işlərində nümunə göstərənlər arasında gənclərin çoxluğu xalqımız üçün böyük iftixardır.

YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin Karyera və tələbələrlə iş şöbəsinin müdiri Emil Aslanlı bu tədbirlərin gənclərin Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə dolğun məlumata malik olmalarında əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, müstəqilliyimizin bərpasının ilk illərinin gəncliyi ilə bugünkü gəncliyi müqayisə etdikdə böyük qürur hissi ilə qeyd edə bilərik ki, onlara öz potensial imkanlarını ortaya qoymaq üçün bütün zəruri imkanlar yaradılıb. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəldiyi ilk gündən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etdi. Ulu Öndər Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğulayırdı. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi özünə inanır, güvənir. Məhz bu inam, güvən özünü 44 günlük İkinci Qarabağ müharibəsində təsdiqlədi. 44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan Ordusu torpaq, Vətən sevgisini dünyaya nümayiş etdirdi.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yetişməkdə olan nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvərlik ruhunda formalaşdırır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyinin, gücünün, əzminin təsdiqi oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən gənclərimizin hərtərəfli inkişafında öz sözünü deyir. Gənclər gələcəyimizdir. Bu gələcəyi qorumaq, bütün potensial imkanlarını ortaya qoymaq üçün onlara dəstək olmalıyıq.

Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov bildirdi ki, tarix uca bir dağa bənzəyir. Ondan uzaqlaşdıqca əzəməti daha aydın görünür. Bu baxımdan qeyd edə bilərik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası illər keçdikcə daha aydın şəkildə dərk olunur, yeni istiqamətləri araşdırılır, indiki və gələcək nəsillərə çatdırılır.

Diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti