Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransı keçirilir.
Trend-in məlumatına görə,
konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd
edib ki, bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə
tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri
doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100
illik yubileyidir. Onun Azərbaycanda oftalmologiya elminin
inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə
Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron
sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin
öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın
müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. Eyni
zamanda, "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları"
kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya,
dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək
ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun
birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat
təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə
xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət
Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan
Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii"
(Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. 1981-cı ildə
oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının
peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə
professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata
- SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına
mükafatına layiq görülüb. Professor Zərifə xanım Əliyeva həmin
mükafata layiq görülən ilk qadın olub. Apardığı elmi tədqiqatların
yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı,
pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük
xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım
Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib.
Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə
görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm
xadimi kimi yüksək fəxri ada layiq görülüb.
Rektor bildirib ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və
bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya
göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur
alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və
qayğıkeş ana idi. Zərifə Əliyeva eyni zamanda müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və
xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider
Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və
etibarlı silahdaşı olub. Zərifə xanım Əliyevanın fəxri adları, elmi
titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur,
iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana
adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına
münasibəti də xüsusi idi. O, nə edirdisə, böyük sevgi ilə edirdi.
Görkəmli alim, xeyirxah insan, qayğıkeş ana olan Zərifə Əliyevanın
adı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının
müdiri Hicran Hüseynova qeyd edib ki, akademik Zərifə Əliyeva tibb
elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil
olub, böyük məktəb yaradıb. Yüksək intellektual səviyyəsi, sərrast
düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Yüksək
səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları
həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya
ehtiyacı olan insanlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini
sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və
şəfqətdir. Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan
qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın
şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin
zəka sahibi Zərifə xanım Ulu Öndərə etibarlı mənəvi dayaq idi.
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və
Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın
vitse-prezidenti, akademik İradə Hüseynova, akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinin direktorunun I müavini Hicran
Namazova, Patologiya refraksiya və oftalmoerqonomika şöbəsinin
rəhbəri Rasim Hacıyev, BDU-nun Biologiya fakültəsinin dekanı Afət
Məmmədova, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun
direktoru Ulduz Haşımova, BDU-nun Botanika və bitki fiziologiyası
kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad
Qurbanov, Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və
Terapevtik Təlimat Assosiasiyasının sədri, Azərbaycan Tibb
Universitetinin Endokrinologiya kafedrasının professoru Tamfira
Əliyeva çıxışlarında akademik Zərifə Əliyevanın zəngin mənəvi
keyfiyyətləri, oftalmologiya elminin inkişafındakı xidmətlərini
diqqətə çatdırıblar. Qeyd olunub ki, Zərifə Əliyevanın keçdiyi
şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün
həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə
xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif
sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər,
yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq
səhifəsidir.
Sonra akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən
bəhs edən video nümayiş olunub.
Konfransın açılış mərasiminin sonunda BDU-nun akademik Zərifə Əliyeva adına məqsədli təqaüdünün qalibi elan olunub. BDU-nun Biologiya fakültəsinin Biotexnologiyalar ixtisası üzrə III kurs tələbəsi Şəms İslamova təhsildəki yüksək nəticələrə görə bu mükafata layiq görülüb.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.