...

Dinin gənc nəslə düzgün çatdırılmasında din xadimlərinin üzərinə önəmli vəzifə düşür - Sahib Nağıyev (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2023 16:43 (UTC +04:00)
Dinin gənc nəslə düzgün çatdırılmasında din xadimlərinin üzərinə önəmli vəzifə düşür - Sahib Nağıyev (FOTO)

Bakı. Trend:

Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük konfrans aprelin 28-də işini davam etdirib.

Trend xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirə DQİDK və Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəhbərliyi, millət vəkili, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin məsul şəxsləri, dini icma sədrləri, din xadimləri, şəhər hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, eləcə də təhsil işçiləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov çıxış edərək Azərbaycana xas dövlət-din siyasəti, milli-mənəvi dəyərlər və tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirib ki, respublikamızda müxtəlif dini konfessiyalara aid ibadət yerlərinin - məscid, kilsə və sinaqoqların təmir-bərpası, yenilərinin inşasına xüsusi diqqət yetirilir. Əsası müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin təməlində azərbaycançılıq ideologiyasının dayandığını xüsusi vurğulayan T.Səmədov Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü konsepsiyanın, müdrik tövsiyələrin bu günün reallıqları kontekstindəki müstəsna rolundan bəhs edib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Sahib Nağıyev respublikamızda dini etiqad azadlığının təmin edilməsi, xüsusilə Dövlət Komitəsinin dövlət-din münasibətlərinin tənzimlənməsi, yad dini ideologiyaların yayılmasına, cəmiyyətdə kök atmasına qarşı həyata keçirdiyi dini maarifləndirmə tədbirlərindən danışıb. Komitə rəsmisi ölkəmizdə mövcud olan nümunəvi tolerant, multikultural mühit, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, dini ibadət yerlərinə, din xadimlərinə göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə fəaliyyət göstərən dini qurumlara mütəmadi olaraq maliyyə yardımı ayrılır. Dinə mənəvi prizmadan yanaşılmasının, onun tərbiyəvi tərəflərinin, milli-mənəvi dəyərlərimizlə səsləşən əxlaqi prinsiplərinin insanlara, xüsusilə mənəvi şüuru formalaşmaqda olan gənc nəslə çatdırılmasının əhəmiyyətinə də toxunan S.Nağıyev vurğulayıb ki, bu baxımdan din xadimlərinin üzərinə önəmli bir vəzifə düşür. Onlar məzhəbçiliyi və dini təəssübkeşliyi təbliğ edən xarici radikal dini mərkəzlərin ideoloji-psixoloji təsirinə qarşı mübarizə aparmalı, məscidlərdə, müxtəlif dini ibadət yerlərində vətəndaşlarla ünsiyyət zamanı məzhəbçiliyə, mövhumata imkan verməməli, maarifləndirmə işlərini davam etdirməlidirlər.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli isə çıxışında Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərin edildiyini və bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb. Tolerantlığın Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən birini təşkil etdiyini bildirən Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizdə dünyəvi dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, dini sahədə sabitlik qorunur, konfessiyalar arasında qarşılıqlı anlaşma və etimad təmin edilir. Eyni zamanda M. Məmmədli dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla birgə həyata keçirdiyi işləri yüksək qiymətləndirib.

Baş Prokurorluğun nümayəndəsi Asim Yusifov və Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev çıxışlarında respublikamız üçün dinin siyasiləşdirilməsi təhlükəsinin o qədər də aktual olmadığını bildiriblər. Buna baxmayaraq, ölkəmizin müstəqil daxili və xarici siyasətinə müxtəlif yollarla təsir etməyə cəhd göstərən, onun uğurlarını gözü götürməyən kənar dairələrə qarşı effektiv mübarizə aparıldığını qeyd ediblər. Çıxışçılar dini ektremizmə və radikalizmə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs ediblər.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev Azərbaycanda milli, irqi və dini zəmində ayrı-seçkilik hallarının olmadığını, bunun dini-mədəni müxtəliflik, tolerant və multikultural dəyərlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb: “Təbii ki, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı müasir dövrdə milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanılması xüsusilə din xadimlərindən mənəvi məsuliyyət tələb edir”. Şöbə müdiri onu da deyib ki, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin təbliği və daha da möhkəmləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Respublikamız dinlərarası və mədəniyyətlərarası dialoqa dünyada sülhün və sabitliyin təmin olunmasının mühüm vasitələrindən biri kimi baxır.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdərov çıxışında dövlətin dinə və dindarlara qayğısı, eləcə də xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə, gənclərin dini cəhətdən maarifləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkib.

Tədbir müzakirələrlə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti