Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib.
Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
ADY-nin təşəbbüsü ilə keçirilmiş tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.
Ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla 500-ə yaxın dəmiryolçu övladı iştirak edib.
Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb.
Eyni zamanda onlar gənc cüdoçuların xalça üzərində məşqlərini
izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə
etmişdilər. Əlavə olaraq bədii qiraətə marağın artırılması
istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil
olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib.
Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının
''Teknofest-2022'' festivalının qaliblərinin, ‘’AzerRobot
Education’’ Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo
Federasiyasının iştirak etməsi tədbirin yadda qalan olmasına xüsusi
töhfə verib.