Bakı. Trend:
ADY korporativ sosial məsuliyyət çərçivəsində sosial cəhətdən
həssas qruplardan olan şəxslərin potensialının artırılması və
onların əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi üçün
müvafiq addımlar atır.
Trend xəbər verir ki, şəhid dəmiryolçu ailələrinin, həmçinin ailə
üzvü şəhid olmuş əməkdaşların sosial problemlərinin həlli, işlə
təmin olunması və təhsil sahəsindəki ehtiyaclarının qarşılanması
istiqamətində davamlı olaraq işlər görülür.
Bu günlərdə ADY-nin Gəncə şəhərindən olan şəhid əməkdaşı Asif
Qocayevin məktəbli övladları Məryəm və Xədicə Qocayevaların tədris
ilini uğurla başa vurmaları, həmçinin Uşaq Musiqi Məktəbində
təhsillərini davam etdirmələri xüsusi sevinclə qarşılanır. Şəhid və
qazi övladlarının yay tətilinin səmərəli keçirilməsi üçün
Dəmiryolçuların Nabran qəsəbəsində yerləşən “Lokomotiv’’ İstirahət
Mərkəzində onlara lazımi şərait yaradılmışdır.
Qeyd edək ki, ADY əməkdaşlarından I Qarabağ müharibəsində 79, II
Qarabağ müharibəsində isə 4 nəfər şəhid olmuşdur. ADY-nin müxtəlif
strukturlarında ümumilikdə 792 nəfər Qarabağ müharibəsi iştirakçısı
çalışır, bunlardan 526 nəfər I Qarabağ, 266 nəfər isə II Qarabağ
müharibəsinin iştirakçılarıdır.
Hazırda ADY tərəfindən Vətən müharibəsi şəhidlərinin azyaşlı
övladlarını himayə edən şəxslərə aylıq əsaslarla maddi yardım
göstərilir, ali təhsil alan şəhid övladlarına isə təhsillərini başa
vuranədək müavinət ödənilir.
Qazi əməkdaşların karyera inkişafı, bilik və səriştələrinin artırılması, yeni peşələrin qazanılması istiqamətində peşəkar mentorların iştirakı ilə vaxtaşırı təlim sessiyaları təşkil olunur.
Xatırladaq ki, dəmiryolçu olmayan daha 53 şəhid ailəsinin üzvü ADY-də işlə təmin olunub.