Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa Estoniyanın paytaxt şəhərində Mərkəzin 26-cı Ali Səviyyəli Toplantısı və 11-ci Qlobal Bakı Forumuna hazırlıqla bağlı müzakirələr aparıb.
Mərkəzdən Trend-ə bildirilib ki, Latviya Respublikasının sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Frayberqa Estoniyaya səfəri çərçivəsində UNESCO-nun təşkil etdiyi “For Women in Science” tədbirində çıxışçı qismində iştirak edib.
O cümlədən, xanım Frayberqa Mərkəzin Nyu-Yorkda keçirəcəyi 26-cı Ali Səviyyəli Toplantıya və 11-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədilə müzakirələr aparıb.
Qeyd edək ki, toplantılar çərçivəsində xanım Vayra Vike-Frayberqa Estoniyanın sabiq liderlərini Mərkəzin 11-ci Qlobal Bakı Forumuna dəvət edib. Məlumat üçün bildirək ki, “Gələcəyi formalaşdırmaq; Multilateralizmin yenidən başladılması” mövzusunda keçiriləcək 26-cı Ali Səviyyəli Toplantı 40-a yaxın ölkədən 30-dan çox indiki və sabiq ölkə və hökumət başçılarının iştirakı ilə ABŞ-ın Nyu-York şəhərində baş tutacaq. Tədbir çərçivəsində 2023 “Nizami Gəncəvi Beynəlxalq Mükafatı”nın yeni sahiblərinə təqdim olunması nəzərdə tutulub.