Bakı. Trend:
Şəhərsalma prosesi kompleks həyata keçirilir.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk növbədə Bakı şəhərinin Baş planı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib.
"Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bir sıra dövlət qurumları da bu məsələyə cavabdehlik daşıyır. Bundan başqa, Komitənin tabeliyində Şəhərsalma və Memarlıq Baş İdarəsi tikintiyə icazə prosesini təşkil edir.
Tikinti başa çatdıqda isə onun istismarına icazə verir. Artıq tikinti zamanı FHN, yerli icra hakimiyyətlərinin və digər qurumların dəstəyi ilə tikinti prosesinin özünə nəzarət olunur. Bütün layihələrdə ictimai ərazilər dəqiqliklə planlaşdırılır, müvafiq məsafələr saxlanılır. İstər piyada səkiləri, istər digər ərazilərə xüsusi məsafə saxlanılır cə yerli icra hakimiyyəti orqanları buna nəzarət edir" .
Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.