Bakı. Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Trend xəbər verir ki, müraciətdə deyilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.
Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən
avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və
meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli
və kifayət qədər ara məsafəsi saxlamalıdırlar. Bununla yanaşı,
nəqliyyat vasitələrinin sazlığına, o cümlədən şüşə silgəcləri və
şüşəyuyanların, işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət
etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Küləkli
hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı,
qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və
sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət
yetirməlidirlər.
Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil
yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış
piyada keçidlərindən keçməlidirlər”, - müraciətdə deyilir.