Bakı. Trend:
Vətən müharibəsi dövründə gənclərin xidmət etdiyi Azərbaycan Ordusu sıralarından bir nəfər də olsun fərarilik etməyib.
Trend xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl Qurultayında çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu, qadınlarımızın bir ana olaraq onları necə yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi böyütdüyünü, təlim-tərbiyə verdiyini parlaq şəkildə təsdiq edir.
"Bundan əlavə, qadınlarımız Ordu quruculuğu prosesinə də öz töhfələrini verib və hətta tarixi zəfərin əldə olunmasında qadınlar da xüsusi fədakarlıq nümunələri göstərib".
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.