...

Zəfər Günü - Milli bütövləşmənin təntənəsi!

Cəmiyyət Materials 4 Noyabr 2023 09:58 (UTC +04:00)

Bakı. Trend:

2020-ci ilin sentyabrı şanlı tarix salnaməmizin yeni səhifəsi, minillik tariximizin yeni mərhələsi kimi yaddaşlara həkk olundu.

Tarix boyu xalqımızın qəhrəmanlıq ruhu sayəsində vətənimiz Azərbaycan müxtəlif mübarizələrdən üzü ağ, alnı açıq çıxıb. Düzdür, nəticəsi heç də ürəkaçan olmayan bir sıra tarixi hadisə barədə danışmaq mümkündür. Amma o çətin sınaqlarda da xalq olaraq milli ruhun saxlanılmasına, mübarizə əzminin sınmamasına nail ola bilmişik.

Ümummilli Lider Heydər Əliyevin prezidentliyinin ilk illərində Qarabağ probleminin həllinə gedən yola işıq salındı. Ulu Öndər uzaqgörən siyasət yürüdərək Azərbaycanı sosial-iqtisadi böhrandan xilas etdi. Xalqımızın kimliyini, mədəniyyətini, tarixini yaşadaraq milli irsi və mənəvi dəyərlərimizi mühafizə etdi, 70 illik imperiya təsirini yox etməyə nail oldu.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə dünya arenasında öz sözünü deməyi bacaran respublika səviyyəsinə yüksəldik. İmzalanan beynəlxalq müqavilələr, müxtəlif sahələrdə bağlanan sazişlər siyasi əlaqələrimizi möhkəmləndirdi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ probleminin həlli uğrunda misilsiz siyasi məharət, müqayisəolunmaz iradə nümayiş etdirdi və nəhayət, qazandığımız qələbəni öz imzası ilə zamanın şərəf sərlövhəsinə həkk etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi, igid oğullarımızın şücaəti nəticəsində torpağını itirmiş xalq psixologiyasından, didərginlik, köçkünlük dərdindən qurtulduq. “Şuşasız bizim haqq işimiz yarımçıq olar” deyən Prezidentimiz Şuşada Azərbaycan bayrağını dalğalandıraraq 8 noyabr tarixini Zəfər günü kimi tarixə yazdı.

Prezident İlham Əliyevin siyasi gedişlərində tədqiq olunmalı və tədris edilməli məqamlar çoxdur. Həm daxili sabitliyin qorunub saxlanılmasında, həm də xarici əlaqələrin mühafizə edilməsində ölkə başçımız düşünülmüş taktika nümayiş etdirdi. Müharibədən sonrakı dövrdə də xalqın sosial rifahının aşağı düşməməsi postmüharibəyə, ümumən, yaranmış tarixi situasiyaya necə hazırlıqlı olmağımızı sübut etdi.

Azərbaycan haqq savaşı boyunca beynəlxalq hüquq normalarına zidd olan bir addım belə atmadı və həqiqətən, müharibə əxlaqı nümayiş etdirdi. Əvvəldən sona qədər Ermənistanın təxribatlarına yalnız döyüş meydanında cavab verildi. Çünki Azərbaycanın döyüş taktikası, müharibə mədəniyyəti bu təxribatları onların dili ilə cavablandırmağa imkan vermirdi. Azərbaycanın dövlət başçısı bu məsələyə toxunarkən qeyd etdi ki, "Mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan ordusu özünü təmkinlə aparsın, təxribata uymasın".

Bəli, biz ədalət uğrunda mübarizə aparırdıq və düşmənin xisləti, niyyəti nə olur-olsun, haqq savaşımızı mərdi-mərdanə apardıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bütün hərbi əməliyyatları öz ərazilərimizdə apardı, Ermənistan ərazisinə birmənalı surətdə atəş açmadı. Müharibə əxlaqı, müharibə mədəniyyəti, ədalətli döyüş taktikası da budur. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bizim işimiz haqq işi idi və zəfərlər qazanmağımızın başlıca səbəbi də məhz bununla bağlı idi.

2023-cü ilin sentyabr ayında lokal antiterror əməliyyatları və onun nəticəsi kimi qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycanın əzəli-əbədi torpaqlarından təmizlənməsi parlaq zəfərimizin yekunu idi. Xankəndidə Azərbaycan bayrağının dalğalanması milli bütövlüyümüzü bərqərar etdi.

Milli bütünləşmə dedikdə bir çox prosesin paralel inkişafı nəzərdə tutulur. Bügünkü hakimiyyət uzun illərdir milli özünüdərk prosesini sürətləndirir və milli bütünləşmə üçün bütün qüvvəsini səfərbər edir. Razılaşmalıyıq ki, hər bir cəhətdə bu proses özünün ən kamil zirvəsinə çatıb. Cənab Prezident İlham Əliyevin dönməzliyi, əzmkarlığı, Azərbaycan oğullarının yenilməz gücü ərazi bütövlüyümüzün tam bərpasına səbəb oldu və Azərbaycan hər bir cəhətdən milli bütünləşmə mərhələsinə qədəm qoydu.

Bəzi qaragüruh quruplaşmalar Azərbaycanın parlaq zəfərinə kölgə salmağa cəhd etsə də, Prezident İlham Əliyevin çıxışları onlara lazımi cavabı verirdi : “Nəyi necə, nə vaxt etmək lazımdır mən bilirəm. Azərbaycan xalqı mənə inanır və mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm…” Bəli, zamanın sınağından uğurla çıxan xalqımız və onun rəhbəri bu parlaq qələbənin yekununu da uğurla tarixə həkk etdi.

Erməni terrorçularının Azərbaycana gətirilərək məsuliyyətə cəlb olunması hüquqi müstəvidə atılan mühüm addımlardan idi. Ədalətin bərqərar olunması baxımından Prezident İlham Əliyevin prinsipiallığı, dövlət təhlükəsizlik orqanlarının çevikliyi xalqımızın qisas ruhunun yanğısını söndürərək, ağrı-acılara məlhəm oldu.

Qarşıdan gələn Zəfər günü — Zəfər bayramı 50 milyonluq xalqımızın yenidən özünəqayıdış — işğaldan azad olunmuş torpaqlara dönüş bayramıdır. Azad olunmuş ərazilərdə aparılan quruculuq işləri doğma dədə-baba torpaqlarımızın işıqlı istiqbalından xəbər verir.

Bütöv Azərbaycanın vətəndaşı kimi Zəfər gününü sevinclə qarşılamaq bizə qürur verir. Neçə-neçə işıqlı günlərə!

Orxan Ağayev,
Şamaxı regional "ASAN xidmət" mərkəzində
notariat ofisinin xüsusi notariusu

Xəbər lenti

Xəbər lenti