Bakı. Trend:
Bakıda mənzillərin qiyməti bahalaşmaqla yanaşı, yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti də bahalaşır. Bina tikintisi ilə məşğul olanlar binaların altındakı dayanacaqları ya sakinlərə icarəyə verir, ya da baha qiymətə satışa çıxarırlar. Qiymətlər də hər yerdə fərqlidir.
Ümumiyyətlə, binaların altındakı dayanacaqları sakinlərə icarəyə vermək və satmaq nə dərəcədə qanunidir?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məslələri üzrə ekspert Ramil Osmanlı bildirib ki, əgər binanın layihələndirilməsi zamanı sahibkar həmin ərazini dayanacaq kimi nəzərdə tutubsa, sata bilər.
"Lakin texniki mərtəbə kimi nəzərdə tutulubsa, o halda sata bilməz. Hazırda ərazidən asılı olaraq təqribən dayanacaq yerlərinin qiyməti 20-50 min manat arasında dəyişir. Günlük və aylıq icarələrdə isə daha çox fərdi yanaşma olur. Belə ki, standart qiymət yoxdur. Olur ki, həmin binanın sakini başqa binanın zirzəmisində maşın saxlayır. Paytaxtda binaların altındakı dayanacaqların aylıq icarəsi 60-70 manat, bir az kənarda isə 50 manatdan başlayır", deyə o, əlavə edib.
Ekspert qeyd edib ki, vətəndaşlardan parklanma üçün alınan vəsait rəsmi qaydada yığılmır və sənədlə təsdiq olunmur.
"Vətəndaş kirayə pullarını komendata ödəyir. Bəzi binalar daxili ciddi hesabat blankları (daxili kassa çekləri) işləyir. Lakin belə işləyənlərin sayı çox azdır", - deyə R.Osmanlı vurğulayıb.
Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
"Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib.
Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür", - deyə hüquqşünas qeyd edib.