Bakı. Trend:
Prezident İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilərək, bəzi əməllərin dekriminallaşdırılması, azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün təsbit edilməsi, probasiya institutunun yaradılması və bu sahədə görülən digər tədbirlər məhkumların azadlıqdan məhrum edilmədən elektron nəzarət vasitələri tətbiq olunmaqla islahına, onların hüquqlarının təminatına yönəlib. Məlumat üçün qeyd edim ki, hazırda 5 mindən çox şəxs elektron qolbaq daşıyır və onlara nazirliyin Probasiya xidməti tərəfindən fasiləsiz nəzarət həyata keçirilir.
Trend xəbər verir ki, bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O qeyd edib ki, məhkum və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması daim diqqətdə saxlanılır, onların saxlanma şəraiti, tibbi və digər təminatları yaxşılaşdırılır, cəmiyyətə reinteqrasiyası məqsədilə penitensiar infrastruktur müasirləşdirilir:
"Ötən dövrdə Bakıda yeni istintaq təcridxanası, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunub, bölgələrdə də belə komplekslər tikilərək, Naxçıvanda və Şəkidə istifadəyə verilib.
Bu günlərdə isə Umbakıda yeni qarışıq rejimli müasir penitensiar kompleks istismara verilib və nazirlik tərəfindən geniş media-tur təşkil olunaraq ictimaiyyət nümayəndələri həmin müəssisədə yaradılan şəraitlə yerində tanış olublar.
Bildirməliyəm ki, Gəncə şəhərində də belə bir müəssisənin inşası davam etdirilir, Lənkəranda isə tezliklə istismara verilməsi nəzərdə tutulur".