Bakı.Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində davam edən BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası
çərçivəsində Azərbaycan pavilyonunda növbəti tədbir baş tutub.
Trend xəbər verir ki, Xəzər dənizi regionunda iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası” Katibliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Xəzəryanı ölkələrin, BMT-nin Ətraf Mühit və Məskunlaşma proqramlarının yüksək səviyyəli rəsmiləri iştirak edib.
Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişmələri nəticəsində son illərdə Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliyə diqqət çəkərək, bu unikal ekosistemin qorunması ilə bağlı regional əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir eyni zamanda, bu problemin hərtərəfli öyrənilməsi, habelə səviyyə ssenariləri və müvafiq uyğunlaşma tədbirlərinin hazırlanması üçün Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Panel sessiyaları ilə davam edən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit və Məskunlaşma proqramları və Xəzər dənizinin Hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin nümayəndələri tərəfindən təqdimatlar edilib, mövzu ətrafında müzakirələr aparılıb.