...

İnternetdə ayrı-seçkilik və təcavüz: buna məruz qalan qadınlar üçün strategiyalar

Cəmiyyət Materials 11 Dekabr 2023 14:13 (UTC +04:00)
İnternetdə ayrı-seçkilik və təcavüz: buna məruz qalan qadınlar üçün strategiyalar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İnternetdə təhqir, qısnama və ayrı-seçkiliyin artması bütün dünyada aktual problemə çevrilib və qadınlar üçün daha təhlükəsiz rəqəmsal mühitin yaradılması üçün işlək strategiyaların hazırlanmasını gündəmə gətirir.

Trend euneighbourseast.eu-yə istinadən xəbər verir ki, məqalədə adı çəkilən problemlərlə mübarizə aparmağa və virtual aləmdə hörmət və inklüzivlik mədəniyyətinin təşviqinə imkan verən praktiki yanaşmaları nəzərdən keçirəcəyik.

Hüquqlar uğrunda mübarizə: konkret strategiyalar

“Qadın və internet: təhqir və təcavüzlə mübarizə” (How to Be a Woman Online: Surviving Abuse and Harassment, and How to Fight Back) adlı kitabın müəllifi Nina Yankoviç deyir ki, “təxminən iki həftə davamlı olaraq xarici görünüşünü, danışıq tərzini gülüş obyektinə çevirən yüzlərlə tvit alarmış”.

Nina Yankoçiv. Foto: Kate Andreya

“EU DisinfoLab 2023” illik konfransındakı son çıxışında Nina Yankoçiv rəqəmsal mühitdə məruz qaldığı təzyiqləri təsvir edib və bu təcavüzün mürəkkəb mühitində baş çıxara bilmək üçün öz təcrübələrini bölüşüb.

Nina Yankoviç qeyd edir ki, trollar mübahisələrdə haqlı olduqlarını məharətlə sübut edirlər və onlarla mübarizədə yalnız bir strateji çıxış yolu var. Bu da onları blok etmək və ya səssiz rejimə keçirmək və işlərinizə davam etməkdir. “Məqsəd aydındır: onların təsir etmək qabiliyyətini yox etmək”, – Nina Yankoviç qeyd edib. İnternetdə təhqirlərlə üzləşən bu xanım qadınları güclü dəstək şəbəkəsi qurmağa səsləyir.

O, həmçinin internetdə təcavüz və təhqirlərə məruz qalan qadınları dəstəkləmək üçün hərtərəfli məşğulluq siyasətinin tətbiq edilməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, işəgötürənlər onlayn təhqirlərə məruz qalan işçilər üçün səmərəli siyasətlər hazırlamalıdırlar. “Bundan əlavə, işçilər yeni bir iş üçün müraciət edən zaman dəstək siyasətləri barədə maraqlanmalıdırlar”.

Kibertəcavüz, kiberqısnama, trollama, fleym – bu terminlər tez-tez bir-birini əvəz edir, bəziləri isə zaman keçdikcə mənasını itirir. İfadə azadlığı sahəsində ixtisaslaşan PEN America təşkilatı “onlayn təcavüz” və ya “onlayn təhqir” terminlərinə üstünlük verir və bunu “zərərli davranış vasitəsilə fərdi şəxsin və ya qrupun onlayn şəkildə geniş və ya kəskin şəkildə hədəfə alınması” kimi tərif edir.

Onlayn təcazüvlə mübarizədə bələdçi”də internetdə təhqir və təzyiqlərin hədəfi olmayan, lakin bunun şahidi olan şəxslər üçün praktik strategiyalar yer alır:

1. Onlayn təcavüzün şahidi olduqda təhlükəsizliyi prioritetləşdirmək çox vacibdir.

2. Təhqirlərin növünü və dərəcəsini müəyyən etmək çox vacibdir.

3. Təhqirlərin hədəfinə çevrilmiş şəxsin özünü necə hiss etdiyini soruşun, onu emosional olaraq dəstəkləyin, mühakimə etmədən dinləyin və baş verənlərin onun günahı olmadığını bildirin. Bu sizin onunla həmrəy olduğunuzu göstərir.

4. Şikayətlərin verilməsində və təhqir hallarının sənədləşdirilməsində ona kömək təklif etməklə, təhqirlərin hədəfinə çevrilmiş şəxsə kömək edin. Ona rəqəmsal təhlükəsizliyini gücləndirməyə kömək edin.

“Problemə diqqətin cəlb edilməsi onun həll yoludur”

İnsan hüquqları və gender bərabərliyi Avropa İttifaqının əsas dəyərləridir və onlar Aİ-nin xarici fəaliyyətinin əsasını təşkil edir. Bu dəyərlərin təbliği Gənc Avropa səfirləri (YEA) şəbəkəsinin Şərq Tərəfdaşlığı regionunda əsas missiyalarından biridir.

Gənc Avropa səfiri Səadət Ağayeva həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc səfiri (xüsusilə gender bərabərliyi üzrə məqsəd) və Azərbaycanda HeForShe (gender bərabərliyi üçün qlobal hərəkat) proqramının rəhbəridir. O, internetdə sistematik təcavüzlə üzləşib və bununla mübarizə aparmağın yollarını öyrənib.

“Mən bir neçə dəfə razılığım olmadan kişilərdən seksual xarakterli təkliflər aldığımı və dərhal onları blokladığımı xatırlayıram. “Təəssüf ki, qızlar və qadınlar belə hallarla tez-tez rastlaşır, çünki internetin əlçatan olması insanların onlayn təcavüzlə məşğul olması və öz hərəkətlərinə görə məsuliyyət daşımamasına şərait yaradır”.

Səadət Ağayeva internetdə qısnama və təcavüzlərlə üzləşən hər bir qadını cəsarətli olmağa, sözünü deməyə, sübut toplamağa və şikayət etməyə çağırır. “Məncə, bizi əhatə edən cəmiyyətin diqqətinin bu problemə cəlb olunması onun həll yollarından biridir. Məhkəməyə də müraciət etmək olar”.

Bu yaxınlarda 50-dən artıq Gənc Avropa səfiri Avropa Şurasının nifrət nitqi ilə mübarizəyə həsr olunmuş Gənc Avropa səfirləri üçün təlimində iştirak ediblər. Bu proqram gənc liderlərə ayrı-seçkiliyə, nifrət nitqinə və irqçiliyə qarşı mübarizə üsullarını inkişaf etdirməyə və ictimaiyyətlə birlikdə bu hallara qarşı tədbirlər görməyə kömək edir.

“Təlimin onlayn formatda keçirilən hissəsində əldə etdiyim bilik və vasitələr, eləcə də bəzi bacarıqlar mənim üçün son dərəcə praktik və faydalı oldu”. Bunu YEAs şəbəkəsinin Ukraynada mentorluq üzrə fasilitatoru Nataliya Balitska deyir.

Təlimdə onun üçün vacib məqamlardan biri də insan hüquqlarına əsaslanan əks-təbliğatın necə yaradıldığını anlamaq olub. Nataliya Balitska Budapeştdə təlimin oflayn mərhələsini səbirsizliklə gözləyir. O, ayrı-seçkiliklə mübarizə üzrə Avropa Şurasının fəaliyyətini araşdırıb, Ümumdünya İnsan Hüquqları Bəyannaməsini daha dərindən öyrənib və Ukraynada bu hüquqlara riayət olunması ilə bağlı öz fikirlərini fəal şəkildə paylaşıb.

Qadınların jurnalistika sahəsində üzləşdiyi çətinliklər

Jurnalistlər üçün Beynəlxalq Mərkəz (ICFJ) qadın jurnalistlərə qarşı onlayn zorakılıqla bağlı qlobal araşdırma aparıb. Onun nəticələri “Qadın jurnalistlərə qarşı onlayn zorakılığın qlobal qaydada araşdırılması” (The Chilling: A Global Study of Online Violence Against Women Journalists) kitabında öz əksini tapıb.

Tədqiqatda iştirak edən qadın jurnalistlər cinsi təcavüz və fiziki zorakılıq xarakterli təhdidlərdən söyüş, təhqiredici şəxsi mesajlar, peşəkar və ya şəxsi reputasiyaya xələl gətirməklə bağlı təhdidlər, rəqəmsal təhlükəsizliyə hücumlar, fotoşəkillərin manipulyasiyası və maliyyə təhdidləri vasitəsilə faktların təhrif olunması kimi onlayn zorakılıq haqqında dəhşət saçan təcrübələrini paylaşıblar.

Bu hücumların çoxşaxəli xarakteri narahatedici mənzərə yaradır. Onlayn zorakılıq qadın jurnalistləri alçaltmaq və qorxutmaq, onların özlərinə olan inamını sarsıtmaq məqsədi daşıyır. “Burada əsas məqsəd onları qorxutmaq, susdurmaq və geri çəkilməyə məcbur etmək və qadın jurnalistləri ictimai müzakirələrdə fəal iştirak etməkdən və tənqidi məsələləri işıqlandırmaqdan çəkindirməkdir”, – kitabın müəllifləri bildirir.

Bu problem pandemiya zamanı ortaya çıxan konspirasiya şəbəkələri, dezinformasiya və siyasi ekstremizm kimi tendensiyalarla birləşərək daha da mürəkkəbləşib. Bütün bunlar vitual aləmdə vahid hala gəldikcə qadınların üzləşdiyi risklər artır.

Sözügedən araşdırma Ukraynada müharibənin ilk günlərinə təsadüf edir və onlayn zorakılığın müharibədə istifadə olunan silah kimi ölümcül olduğunu üzə çıxarıb.

Terminlərin və mühafizə mexanizminin anlaşılması

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (ÜİHB) bərabərlik vurğulanır: “Bütün insanlar azad, ləyaqət və hüquqlar baxımından bərabər doğulurlar” (Maddə 1). 2-ci Maddə heç bir fərq qoyulmadan hüquq və azadlıqlarda bərabərliyi vurğulayaraq ayrı-seçkilikdən azadlığı təsbit edir.

Aİ-nin İnsan Hüquqları və Demokratiya haqqında Fəaliyyət Planındakı (2020-2024) ön sözdə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel kollektiv fəaliyyətin vacibliyini vurğulayır: “İnsan hüquqlarının və demokratik prinsiplərin müdafiəsi fərdi deyil, kollektiv fəaliyyətdir. Heç bir ölkə, nə qədər güclü və ya nüfuzlu olursa olsun, öz institutları vasitəsilə fəaliyyət göstərən beynəlxalq birliyin nüfuzu ilə müqayisə oluna bilməz”.

O, həmçinin yeni texnologiyaların yaratdığı problemlərə toxunub və qeyd edib ki, “müşahidə və süni intellekt kimi texnologiyaların dünyada insan hüquqlarını ən pis şəkildə pozan amillərdir və sürətlə yayılır”.

Bu baxımdan Budapeşt Konvensiyası kimi tanınan Avropa Şurasının Kibercinayətkarlıqla Mübarizə haqqında Konvensiyası internet və digər kompüter şəbəkələri vasitəsilə törədilən cinayətlərlə mübarizədə görülən beynəlxalq səylərdə mühüm bir mərhələdir.

İnternet vasitəsilə təhqirin miqyası və ciddiliyi göz qabağındadır. Belə ki, ölümlə hədələmə və ya şəxsi məlumatların açıqlanması kimi təhdidlər olduqca ciddi nəticələrə səbəb ola bilər. Bundan əlavə, hadisələrin davamlı baş verməsi və ya əlaqələndirilmiş hücumlar əhəmiyyətli təhlükə yaradır.

Dözümsüzlük, ayrı-seçkilik, stereotiplər və qərəzli münasibət kimi terminlər cəmiyyətlərimizə təsir etməklə mürəkkəb mənzərənin ortaya çıxmasına səbəb olur. Bu terminləri başa düşmək inklüziv icmaların inkişafı və burada geniş yayılmış problemlərlə mübarizə üçün çox vacibdir.

İnsan Hüquqları Günü ləyaqət və bərabərlik prinsiplərinin qorunmasının təkcə fiziki dünyaya deyil, həm də ayrı-seçkilik və kiberqısnamanın nəticələrinin dərin ola biləcəyi rəqəmsal dünyaya aid olduğunu bir daha ön plana çəkir.

Xəbər lenti

Xəbər lenti