...

Bakı Baş Gömrük İdarəsinə mediatur təşkil edilib

Cəmiyyət Materials 15 Dekabr 2023 17:47 (UTC +04:00)
Bakı Baş Gömrük İdarəsinə mediatur təşkil edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 15-də kütləvi informasiya vasitələri nümayəndələrinin Bakı Baş Gömrük İdarəsinə mediaturu təşkil edilib.

Trend xəbər verir ki, tədbir gömrük sistemində aparılan təkmillləşdirmələrlə bağlı rəsmiləşdirilmə prosesində reallaşdırılan yeniliklər barədə media nümayəndələrini məlumatlandırmaq məqsədilə keçirilib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov bildirib ki, vətəndaş və sahibkar məmnuniyyətinin təmin edilməsi, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi gömrük orqanlarının strateji hədəflərindəndir.Qeyd olunub ki, Bakı Baş Gömrük İdarəsi də fəaliyyətini bu strateji hədəflərin uğurla reallaşdırılması, sahibkarlar üçün münbit biznes mühitinin yaradılması istiqamətində qurur. Məqsəd müasir texnologiyalara, qabaqcıl təcrübələrə əsaslanan rəqəmsal həllər yaratmaq, şəffaflığı artırmaq, “könüllü əməletmə” prinsipini formalaşdırmaqdır.

Daha sonra Baş İdarənin əməkdaşları tərəfindən rəsmiləşdirilmə prosesində tətbiq edilən yeniliklər və onların faydaları barədə təqdimatlar nümayiş etdirilib.

Bildirilib ki, cari ilin aprel ayından fəaliyyətə başlayan “Xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz” xidmətlərin vahid, əlaqələndirilmiş və elektron formada həyata keçirilməsinə şərait yaradır. Nəticədə 9 ay ərzində Baş İdarəyə daxil olan elektron müraciətlər faiz nisbəti 17.7-dən 62.8-ə yüksəlib.

Gömrük sistemində aparılan təkmilləşdirilmələr çərçivəsində rəsmiləşdirilmə prosesi də sürətlənib. Belə ki, aparılan mütəmadi risk təhilləri əsasında xarici ticarət iştirakçıları “könüllü əməletmə” prinsipləri əsasında təsnifləşdirilir. Məhz bu prinsip əsasında aparılan əməliyyatların rəsmiləşdirilməsi çevik və sürətli formada həyata keçirilir ki, bununla da əlavə vaxt itkisinin və xərclərin qarşısı alınır.

Gömrük nəzarəti zonasındakı proseslərin də elektron həllər əsasında tamamilə avtomatlaşdırıldığı bildirilib. Gömrük nəzarətinin həyata keçiriləcəyi anbarlar sistem tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur, nəqliyyat vasitəsinin anbara daxil olma vaxtı sahibkarlara sms vasitəsilə bildirilir və yüklər 2 saat ərzində sahibinə təhvil verilir.

Tədbirdə Dövlət Gömrük Komitəsinin gələn ilin yanvarından tətbiqinə başlanacaq Avtomatlaşdırılmış Risk Analizi Sistemi –ARAS barədə də məlumat verilib. Bildirilib ki, yeni layihə məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradan, biznes subyektlərinin əməliyyat xərclərini azaldan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemidir.

Yeniliklərdən biri də vətəndaş-məmur təmasını minimuma endirmək məqsədilə bu ildən tətbiqinə başlanılan birbaşa əlaqə sistemidir. Bakı Baş Gömrük İdarəsində və qurumun tabeliyindəki gömrük postlarında vətəndaşların görə biləcəyi zonalarda asılan “QR” kodlar vasitəsilə baş idarə rəisinə istənilən məsələ ilə bağlı birbaşa müraciət etmək mümkündür.

Qeyd edək ki, tədbirdə media nümayəndələri ilə yanaşı, sahibkarlar da iştirak edib. Tədbirin gedişində “QR” koddan istifadə etməklə sahibkarlar arasında məmnuniyyət sorğusu keçirilib və biznes nümayəndələrinin 97 faizi məmnunluğunu ifadə edib.

Daha sonra media nümayəndələri Bakı Baş Gömrük İdarəsinin “Rəsmiləşdirmə mərkəzi”ndə və “Xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz” də tətbiq edilən yeniliklərlə əyani şəkildə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti