Bakı. Trend:
Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən ilin sentyabrın 24-də Sabirabad rayon sakini Ceyhun Mehdiyevə kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Salyan rayon sakini Elmin Abdullayevin Sabirabad
rayonunun Xankeçən kəndi ərazisində xuliqanlıq niyyəti ilə Ceyhun
Mehtiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə
cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elmin Abdullayevə Cinayət Məcəlləsinin
29, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və
221.1-ci (xuliqanlıq) maddələri ilə yekun ittiham elan edilib və
müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.