...

BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Cəmiyyət Materials 17 Aprel 2024 10:53 (UTC +04:00)
BSU-da  “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib

Bakı. Trend:

Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Plenar iclası giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını və qonaqları salamlayıb. Rektor Azərbaycanda inklüziv təhsilin təşkili sahəsinə mühüm işlər görüldüyünü qeyd edərək bu istiqamətdə müvafiq qanunvericilik bazasının formalaşdığını diqqətə çatdırıb.

O, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edib. Dövlət Proqramının vəzifələri sırasında sağlamlıq imkanları məhdud (SİM) şəxslərin təhsilinin təşkili bağlı məsələlərinin mühüm yer tutduğunu bildirib. A. Nağıyev Azərbaycanda cəmiyyətin müxtəlif maraq qruplarının, SİM uşaqların təhsilə cəllb olunması istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Rektor bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu vurğulayıb. O, Fondun sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, SİM uşaqlar üçün internat və xüsusi məktəblərin təşkili istiqamətlərində davamlı fəaliyyət göstərdiyini bildirib. A. Nağıyev ali təhsil müəssisələrində inklüziv təhsil, inklüziv pedaqogika və bu kimi istiqamətlər üzrə elm yaratma və elmi-pedaqoji kadr hazırlığı prosesinin planlı və sistemli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb.

Rektor konfrasın ali təhsil müəssisələri və ümumtəhsil müəssisələrində çalışan həmkarları bir araya gətirməklə inklüziv təhsilin təşkili sahəsində məzmun, tədqiqat və əlavə öyrənmə imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. “BSU-2030” Strateji İnkişaf Planına uyğun olaraq universitetin inklüziv təhsilin təşkili, bu sahədə məzmunun inkişafı, səriştəəsaslı kadr hazırlığı ilə əlavə təhsilin təşkili, eləcə də inklüziv iş mühiti sahəsində ölkəmizin ali təhsil müəssisələri sırasında ön planda olmağı hədəflədiyini deyib. Rektor 2022-ci ilin aprel ayından etibarən BSU-da keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində görülən işlərdən söz açıb.

O, bu konfrans vasitəsilə BSU-nun ölkədə inklüziv təhsildə geniş müzakirə platformasının əsasını qoyduğunu vurğulayaraq bu dövrdə universitetdə kadr hazırlığının təşkili istiqamətində yeni qərarlar verildiyini qeyd edib. Rektor Anar Nağıyev çıxışının sonunda BSU-nun fəaliyyətinə davamlı dəstək göstərən Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinə, həmçinin inklüziv təhsillə bağlı geniş əməkdaşlıq imkanları yaradan təşkilatlara təşəkkür edib.

Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev ölkəmizin inklüziv təhsillə bağlı həyata keçirdiyi siyasətdən söz açaraq bununla bağlı qanunvericilikdə qəbul edilmiş dəyişikliklərin Azərbaycan dövlətinin gördüyü işlərin nəticəsi olduğunu bildirib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətində həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bunun bariz nümunəsi olduğunu qeyd edib.

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov inklüzivliyin əsas məqsədinin təhsildə əlçatanlığın təmin edilməsi olduğunu deyib. O, bu istiqamət üzrə ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açıb.

BDU-nun rektoru Elçin Babayev qlobal məsələ olduğunu bildirərək, dünyanın müxtəlif ölkələrində əlilliyi olan uşaqlara müəyyən ayrıseçkilik göstərildiyini qeyd edib. Rektor inklüziv təhsil mühitinin yaradılmasından bəhs edərək təhsilin hamı üçün əlçatan olmasının vacibliyini vurğulayıb.

Plenar iclasda çıxış edən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xüsusi və İnklüziv təhsil fakültəsinin dekanı Dilbər Nurkeldiyeva, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin İnklüziv təhsil institutunun direktoru Vera Xitryuk, Qdansk Universitetinin Sosial Elmlər Fakültəsinin İnkişaf və Beynəlxalq Proqramlar üzrə dekanı Adam Yagaylo- Rusilovski ölkələrində inklüzivliklə bağlı həyata keçirilən layihələrdən söz açıblar. “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalova, Regional İnkişaf İctimai Birliyinin Təhsil və humanitar proqramlar üzrə eksperti Sevinc Məhəməliyeva təmsil etdikləri birliklərin fəaliyyət istiqamətləri ilə bağlı məlumat veriblər.

Plenar iclas bəstəkar Arzu Səmədqızının rəhbərlik etdiyi “Mavi ürəklər” xor və ritm qrupunun ifaları ilə başa çatıb. Konfrans işini 3 bölmədə davam etdirib. Bölmələrdə 118 məruzə dinlənilib.

Qeyd edək ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsi 19 aprel tarixində Bakı Dövlət Universiteti ilə birlikdə Qazax şəhərində təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti