Bakı. Trend:
Visa süni intellektin istifadəsində pionerdir.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Fintech Summit-i çərçivəsində paneldə çıxışı zamanı Visa-nın MDB və Cənub-Şərqi Avropada vitse-prezidenti Anton Pyatıgin deyib.
“Visa süni intellektin istifadəsində pionerdir. Biz süni intellektin tətbiqinə maliyyə sektorundan başladıq. Burada infrastrukturun yaradılması və digər önəmli məqamlara 500 milyon dollar sərmayə qoyduq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Visa həmçinin, nağdsız ödənişlərdə dələduzluğun qarşısının alınması istiqamətində alternativ fəaliyyət göstərir.
“2023-cü ildə ümumilikdə 40 milyard dollar dəyərində dələduzluqda şübhəli bilinən tranzaksiyaların qarşısını alıb. Görünən odur ki, dələduzluq halları artır. Biz də buna uyğun olaraq dələduzluqların qarşısının alınması istiqamətində işlərimizi artıraraq davam etdiririk”, - deyə vitse-prezident əlavə edib.
Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.