...

Məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanmaq idi - Azərbaycan gimnastları (FOTO)

Cəmiyyət Materials 28 May 2024 04:03 (UTC +04:00)
Məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanmaq idi - Azərbaycan gimnastları (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Avropa çempionatı yaxşı keçdi, əsas məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanmaq idi.

Trend xəbər verir ki, bu barədə Budapeştdəki (Macarıstan) bədii gimnastika üzrə Avropa çempionatından vətənə qayıdan qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvü, gimnast Zeynəb Gümmətova bildirib.

“Biz uğur qazandığımıza, əsas məqsədimizə çatdığımıza görə şadıq. Qeyd etmək istərdim ki, bu məlumat [Beynəlxalq Gimnastika Federasiyası tərəfindən] hələ ki, rəsmi şəkildə təsdiqlənməyib, lakin Avropa çempionatındakı çıxışımız bunu göstərir biz lisenziya qazandıq. Biz sadəcə bunun rəsmi təsdiqini gözləyirik. Təbii ki, bu, bizim üçün psixoloji cəhətdən çətin idi, çünki Olimpiya Oyunlarına yalnız bir kvota qalmışdı. Proqramlar çərçivəsində Azərbaycanı Olimpiya Oyunlarında layiqincə təmsil etməyə çalışacağıq”, - deyə Zeynəb Gümmətova bildirib.

Komandanın üzvü, idmançı Güllü Ağalarzadənin sözlərinə görə, bədii gimnastikada rəqabət artır və bu, bu idman növünün inkişafından xəbər verir.

“Rəqabət bizi qorxutmur, əksinə, daha da gücləndirir. Hesab edirəm ki, komandamız Avropa çempionatında yaxşı nəticə göstərdi. Komandamızın bütün üzvləri adından Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə Ağalarzadə əlavə edib.

Qeyd edək ki, qrup hərəkətləri üzrə Azərbaycan komandası mayın 22-26-da Budapeştdə (Macarıstan) keçirilən bədii gimnastika üzrə Avropa çempionatında uğurla çıxış edərək Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komanda Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti