...

Şuşada Beynəlxalq Gənclər Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 25 İyun 2024 17:02 (UTC +04:00)
Şuşada Beynəlxalq Gənclər Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu keçirilib.

Trend xəbər verir ki, tədbirin açılış mərasimi keçirilib. Ardınca yüksək səviyyəli panel müzakirələri olub.

Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

ISESCO-nun direktoru Salim Al Malik bildirib ki, tarixi Şuşa şəhərində beynəlxalq forumun açılışında iştirak etmək böyük şərəfdir.

Onun sözlərinə görə, Azərbaycan incəsənət, musiqi və sülh diyarıdır.

“Göstərdiyi səylərə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Prezident İlham Əliyev bu gün baş tutan forum kimi təşəbbüslər vasitəsilə davamlı sülhü təşviq edir”.

Direktor bildirib ki, İSESCO öz yeni proqramına uyğun olaraq gənclərin iştirakına xüsusi önəm verir:

"Təşkilati səviyyədə İSESCO sülh prosesinin inkişaf etdirilməsində gənclərin xüsusi rolu olduğunu vurğulayır".

"Bu il Azərbaycanda keçiriləcək COP29-da da iştirak edəcəyik. İSESCO bütün təklifləri, ideyaları nəzərə alaraq tərəfdaş ölkələrlə bölüşür. Biz əminik ki, bugünkü gənclər sabahın liderləridir. Çalışacağıq ki, gələcəyi inkişaf etdirməklə daha parlaq gələcək quraq”, - o qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Gənclərin inkişafı ilə bağlı müxtəlif təşəbbüslər var.

F.Qayıbov qeyd edib ki, bölgələrdə gənclərin inkişafı üçün müxtəlif imkanlar yaradılıb.

“Baş tutan forumda da, əminəm ki, önəmli müzakirələr aparılacaq. Füzuli hava limanından Şuşaya gələrkən bir çox dağıdılmış evləri gördük. Bu ərazilər 30 il işğal altında qalıb. Bu ərazilər bizim üçün həssas bölgədir. Dünyada sülhün, inkişafa birgə töhfə verəcəyik”.

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov gəncləri Şuşada keçiriləcək Beynəlxalq Gənclər Forumunda fəal iştirak etməyə çağırıb.

"Gənc dostlar, gələcək sizin əlinizdədir. Ölkənizdə və ondan kənarda siyasətə təsir edə biləcək şəbəkələşmək, fikir mübadiləsi aparmaq və məlumatlı təkliflər hazırlamaq üçün bu forumdan istifadə edin. Fikirləriniz dünyanı dəyişə bilər. Müzakirələrdə iştirak edərkən Şuşa şəhərinin bərpa edilmiş görməli yerlərinə və mədəniyyətinə diqqət yetirin. Qoy bu şəhər sizi innovasiya və tərəqqini təşviq etməklə irsimizi qorumağa ruhlandırsın", - o deyib.

Elvin Aslanov qeyd edib ki, Heydər Əliyev Fondu gənclərin səylərini dəstəkləməyə hazırdır.

"Cəmi bir neçə ay əvvəl, burada, Şuşada Heydər Əliyev Fondu İSESCO ilə əməkdaşlıq memorandumu imzaladı və bu memorandumda bizim təhsilin, elmin və mədəniyyətin inkişafına sadiqliyimiz qeyd olunur və qarşılıqlı anlaşmanın möhkəmləndirilir", - o deyib.

Qeyd edək ki, forum 26-27 iyunda Bakı şəhərində davam edəcək. Paytaxtda gənclərin iştirakı ilə panel müzakirələr, təqdimatlar keçiriləcək. Dünyanın dörd qitəsindən gələn iştirakçılar Azərbaycanın zəngin multikultural tarixi və mədəniyyəti, ali təhsil müəssisələri ilə tanış olacaqlar.

Bu tədbir Azərbaycanın müxtəlif regionlarla xoş məqsədli əlaqələrinin genişləməsində gənclərin iştirakının artmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti