Bakı. Trend:
Monitorinqlər zamanı təəssüflər olsun ki, mişardaşı yataqlarında qeyri-qanuni istismar hallarına rastlanır.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.
“Son 2 ayda təkcə Bakı və Abşeron yarımadasındakı mişardaşı yataqlarında 15-dən çox qanunsuz hasilat faktı aşkarlanıb. Bu, həm ölkə iqtisadiyyatına və ekoloji mühitə zərər vurur, həm də dövlətin sahibkarlıq fəaliyyətləri üçün müəyyən etdiyi şəffaflıq prinsiplərinə ziddir. Ona görə də monitorinqlər nəticəsində qeyri-qanuni istismarla məşğul olan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Ancaq bunu da mütləq demək lazımdır ki, qeyri-qanuni istismar hallarının qarşısının alınması mişardaşının bazar qiymətlərinə ciddi təsir edə bilməz. Çünki ölkədə qanunlara riayət edən və şəffaflıq prinsipləri çərçivəsində mişardaşı yataqlarında kifayət qədər hasilat əldə edən istismarçılar var.
Yəni ümumiləşdirsək, mişardaşının bazar qiymətində müşahidə olunan artımın Agentliyin fəaliyyətilə birbaşa əlaqəsi yoxdur. Yer təkindən səmərəli və qənaətlə istifadəni, bu sahədə şəffaflığı və dürüstlüyü təmin etmək bizim başlıca prinsiplərimizdir”,- deyə o əlavə edib.