Cəbrayıl. Trend:
Azərbaycanın işğaldan azad edilmiş əraziləri möhtəşəm təbiəti ilə heyran edir.
Trend xəbər verir ki, bu barədə Polşadan olan turist Bortoş Kozik Cəbrayıl rayonu ərazisində Xudafərin körpüsünə səfər zamanı jurnalistlərə deyib.
"Burada olduğum üçün çox şadam, bura sadəcə möhtəşəm yerdir. Qrupumuz bu tarixi körpünü ilk ziyarət edənlərdəndir və ümid edirəm ki, başqa ölkələrdən gələn turistlər də eynisini edə biləcəklər. Ümid edirəm ki, bu yer tezliklə Ümumdünya İrsi obyektinə çevriləcək və daha çox insan onun məlumat əldə edəcək. Buranın təbiəti möhtəşəmdir. Dünən çobanlarla və quşlarla dolu xeyli dağ aşırımlarını aşdıq", - səyyah deyib.
Onun sözlərinə görə, Avropada bu cür yerlər çox sayda turist cəlb edir.
"Bu, Azərbaycana ikinci səfərimdir və hamıya bu ölkəyə səfər etməyi şiddətlə tövsiyə edirəm. Şadam ki, səfər zamanı maraqlı çox şey gördük", - deyə o əlavə edib.
Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib.
