Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Bakıdakı "Formula 1" ilə bağlı paylaşım edib.
Trend bu barədə bazar ertəsi xəbər verir.
""Formula 1"-də olmaq və bütün bu hadisəni reallaşdıran möhtəşəm insanlar və komandalarla tanış olmaq inanılmaz bir təcrübə idi. Bakı şəhəri bu həftəsonu tamamilə dəyişdi. Baku City Circuit, İçərişəhərin divarlarını əhatə edir və sonra tam sürətlə Xəzər dənizi boyunca irəliləyir", - paylaşımda deyilir.
Səfir, Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi edəcəyini qeyd edərək, davamlı yanacaq texnologiyalarının inkişafı və idmanda 2030-cu ilə qədər sıfır emissiya hədəfinə çatmaq kimi mühüm mövzulara diqqət yetirildiyini vurğulayıb.
"Bu yaradıcı təkan, innovativ texnoloji inkişaf və davamlı inkişafın diqqəti, hökumətimizi 2030-cu ilə qədər sıfır karbon emissiyası ilə enerji təminatı sisteminin yaradılması missiyasını həyata keçirməyə ilhamlandırır. Bu, həyəcanverici bir həftəsonu idi və 'Formula 1' və britaniyalı komandalarımızın həm trasda, həm də tras xaricində sərhədləri genişləndirdiyini görmək üçün səbirsizliklə gözləyirəm", - Ferqus Old.